ANAMA-nın mütəxəssisləri Füzuli rayonunda top mərmiləri aşkarlayıblar
Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 24-də saat 12:53-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Şükürbəyli kəndində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə otlaq sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində doqquz ədəd 122 millimetrlik top mərmisi aşkarlanıb. Onlar zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərmilərin tapıldığı yerin ətrafında 550 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.