ANAMA-nın mütəxəssisləri Tovuzda partlamış top mərmisinin qalıqlarını aşkarlayıblar
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də saat 12:11-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Əlibəyli kəndi ərazisindəki bağ sahəsində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində orada partlamış top mərmisinin qalıqları aşkarlanıb.
Mərminin tapıldığı yerin ətrafında 620 kvadratmetr əraziyə yerüstü və yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.