CƏMİYYƏT
Anar Bağırov: Yeni təyin olunan hakimlərin 22 faizi Vəkillər Kollegiyasının üzvüdür
![](/files/galleryphoto/2023/3/1200x630/16978756656331321384_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16978756655832244777_1200x630.jpg)
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) rəhbərliyi ilə hakim vəzifəsinə yeni təyin edilmiş vəkillər arasında görüş keçirilib.
Kollegiyadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı VK-nın sədri Anar Bağırov yeni təyin olunan hakimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sədr bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. O, hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini dilə gətirib.
Prezidentin 2023-cü il 11 oktyabr tarixli Sərəncamı ilə təyin edilən 32 nəfərdən məhz 7 nəfəri, yəni 22 faizi Vəkillər Kollegiyasının üzvü olduğunu vurğulayan A.Bağırov deyib ki, bu, çox yüksək göstəricidir. Eyni zamanda, bu onu göstərir ki, hazırda vəkillik əslində digər sahələr üçün, o cümlədən məhkəmə hakimiyyəti üçün kadr bankına çevrilib.
Diqqətə çatdırılıb ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilmiş müsabiqədə yüksək bilik nümayiş etdirmiş VK-nın 7 üzvü - Əfəndizadə Tural Qurbanəli oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinə, Əliyeva Leyla Kamil qızı Gəncə İnzibati Məhkəməsinə, İsmayılov Samir Bəyistan oğlu Sumqayıt Şəhər Məhkəməsinə, Quliyeva Güləndam Gündüz qızı Mingəçevir Şəhər Məhkəməsinə, Mirzəfərova Könül Murtuz qızı Şabran Rayon Məhkəməsinə, Musayeva Vüsalə Vahid qızı - Nəsimi Rayon Məhkəməsinə və Rzayeva Fəridə İslam qızı isə Suraxanı Rayon Məhkəməsinə Prezidentin müvafiq Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar.
Görüşdə Kollegiyanın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək yeni təyin olunan hakimlərə fəaliyyətlərində qanunun aliliyini rəhbər tutmalarını, süründürməçiliyə və digər neqativ hallara yol verməmələrini tövsiyə edib.
Daha sonra A.Bağırov hakim vəzifəsinə təyin edilən şəxslərə Kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən, onların təltif olunduğu Fəxri Fərmanları təqdim edib.