Anar Eminov: Turizm sahəsində çalışmaq istəyənlər daim yeni innovativ yanaşmaları izləməlidirlər
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) turizm sahəsində çalışanlar və tələbələr üçün “Turizm markasının yaradılmasında beynəlxalq təcrübə” mövzusunda ikigünlük təlim təşkil olunub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, bu ali təhsil ocağının marketinq kafedrasının müdiri Anar Eminov təlimin məqsədi haqqında məlumat verib. Qeyd edilib ki, turizm sənayesində fəaliyyət göstərən və ya karyerasını bu istiqamətdə quracaq tələbələr daim müvafiq sektorda yeni innovativ yanaşmaları izləməli, fəaliyyətlərini beynəlxalq standartlara, tələblərə cavab verəcək şəkildə planlamalıdırlar. A.Eminov deyib: “Bir dövlətin turizm gəliri həmin ölkəyə turist tələbi ilə düz mütənasibdir. Turist tələbinə təsir edən turizm potensialı hər ölkədə əhəmiyyətli dəyər hesab olunur. Deməli, başlıca vəzifə turizm potensialının tələbinə uyğun ixtisaslı kadr şəbəkəsinin formalaşdırılmasına nail olub, yüksək keyfiyyətli turizm xidməti halına gətirməkdən ibarətdir. Məhz bu baxımdan turizm təhsilinin günümüzdə artan önəmi diqqəti çəkir. Əks təqdirdə beynəlxalq turizm bazarından gələn gəlirlər heç bir zaman istənilən səviyyəyə çatmayacaq”.
Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev bildirib ki, təlimin növbəti günündə tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında həyata keçirilməsi, “Skype” vasitəsilə xarici ekspertlərin mühazirələrinin təşkili nəzərdə tutulub. Bu da universitetin tədris sistemində yeni tətbiq edilən “Boston modelinin” tərkib hissəsidir.
Türkiyəli ekspert Azmi Arslan “Turizmdə yeni markaların yaradılması” mövzusunda məruzəsində təlim iştirakçılarını yeni marka strategiyalarının qurulması metodları barədə məlumatlandırıb.
Tədbirdə “Qastronomik turizmdə yeni məhsul strategiyaları”, “Turizm yatırımları və turistlərin gözləntiləri, təhlükəsizlik, təmizlik, xidmət keyfiyyəti, qidalanma uyğunluğu” və digər mövzularda məruzələr dinlənilib.
Seminarda fəallıq göstərən iştirakçılara sertifikatlar təqdim olunub.