Anar Kərimov: Biz 2024-cü ildə də uğurlu sosial proqramlarının icrasının şahidi olacağıq
Bakı, 30 dekabr, AZƏRTAC
Bu gün Yeni İl ərəfəsində şəhid ailə üzvlərinə və müharibə əlilliyi olan şəxslərə növbəti 200 mənzil və fərdi evin verilməsini həyata keçiririk. Bildiyiniz kimi, 2023-cü ilin əvvəlində dövlət başçısının tapşırığı ilə 1500 mənzilin və fərdi evin şəhid ailə üzvlərinə və müharibə əlilliyi olan şəxslərə verilməsi tapşırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib.
Nazir müavini bildirib ki, proqram vaxtında və uğurla icra olunub. Beləliklə bu gün həm Bakıda, həm Bakı ətrafında, eyni zamanda, ölkəmizin 23 şəhər və regionlarında mənzil və fərdi evlərin verilməsi mərasimləri keçirilir.
A.Kərimov xatırladıb ki, müharibə bitdikdən sonra şəhid ailə üzvlərinə və müharibə əlilliyi olan şəxslərə 6000 mənzil və fərdi evlərin verilməsi həyata keçirilib.
“Bununla yanaşı, bu kateqoriyadan olan şəxslərə 424 avtomobil verilib, 11 mindən artıq şəxsə sosial psixoloji və reabilitasiya xidməti göstərilib. Həmçinin müharibədə xəsarət alan 2000-dən artıq şəxsə reabilitasiya vasitələri təqdim olunub. Vacib məqam odur ki, bu sosial xidmətlər həm I Qarabağ, həm də II Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinə və müharibə əlilliyi olan şəxslərə, veteranlara göstərilib. Düşünürük ki, bu 117 min sosial ödəniş, 322 min sosialyönümlü dəstək tədbirləri bundan sonra da davam edəcək. Biz 2024-cü ildə də uğurlu sosial proqramların icrasının şahidi olacağıq”, - deyə nazir müavini vurğulayıb.