Anım Günündə Gənc Tamaşaçılar Teatrında “İnanıram” monotamaşası nümayiş olunub
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günündə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “İnanıram” monotamaşası nümayiş olunub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşadan əvvəl torpaqlarımızın azadlığı uğurunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Teatrın mətbuat katibi Samirə Əşrəf çıxış edərək 44 günlük Vətən müharibəsinin müstəqillik tariximizdəki önəmindən bəhs edib.
Daha sonra “İnanıram” monotamaşası nümayiş olunub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin əsgər və zabitlərinin alqışları ilə başa çatan səhnə əsəri izləyicilərə duyğulu anlar yaşadıb.
Qeyd edək ki, “İnanıram” monotamaşasının müəllifi yazıçı Ülviyyə Heydərova, quruluşçu rejissoru Elşad Rəhimzadədir.
Tamaşada müharibədə yeganə oğlunu itirmiş ana obrazını aktrisa Zemfira Əbdülsəmədova canlandırır.
Səhnə əsəri vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib.