Anım Gününə həsr olunmuş şəhid və qazi övladları üçün “Xarıbülbül” payız düşərgəsi yekunlaşıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün keçirilən “Xarıbülbül” düşərgəsinin bağlanış mərasimi və Vətən müharibəsinin 4-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
“Böyük Qayıdış” Gənclər Təşkilatından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə şəhid ailələri, Vətən müharibəsi qaziləri, hərbçilər, tərəfdaş qurumların nümayəndələri, məktəblilər, media mənsubları və Füzuli sakinləri iştirak ediblər.
Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Daha sonra Xocavənd rayonunun Hadrut qəsəbəsində və Füzuli şəhərində 4 gün müddətində maraqlı proqramla icra olunan “Xarıbülbül” düşərgəsinin ən yaddaqalan anlarını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin rəsmi hissəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, düşərgə iştirakçıları – şəhid polkovnik-leytenant Həmdəm Ağayevin qızı Aysu Ağayeva, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Şükürovun oğlu Ümid Şükürlü çıxış edərək, təəssüratlarını bölüşüblər.
Çıxışlardan sonra Vətən müharibəsində iştirak etmiş qəhrəman qazilər tərəfindən düşərgə iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub.
Tədbir musiqili-bədii hissə ilə davam edib. Yüksək vətənpərvərlik ruhunda keçən mərasimdə tanınmış incəsənət ustalarının və gənc musiqiçilərin ifalarında doğma yurdumuz Azərbaycana, Qarabağa, Şanlı Zəfərimizə həsr olunmuş şeir və mahnılar səsləndirilib.
Qeyd edək ki, 4 gün davam edən “Xarıbülbül” payız düşərgəsində şəhid və qazi övladları üçün mədəniyyət paytaxtımız Şuşa şəhərinə və Xankəndi şəhərinə ekskursiyalar, yenicə fəaliyyətə başlamış Qarabağ Universitetinə infotur, Hadrutda yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüş, Füzuli şəhərində intellektual oyunlar, şəxsi və komanda inkişafı yönümlü təlimlər, müxtəlif şəbəkələşmə və idman oyunları, yarıdıcılıq üzrə master-klaslar təşkil olunub.