Antibiotiklərin quşçuluq sahəsində rasional istifadəsinin elmi qiymətləndirilməsi aparılıb
Bakı, 30 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu tərəfindən baytarlıq sahəsində istifadə olunan antimikrob preparatların (antibiotiklərin) elmi-risk qiymətləndirilməsi hazırlanıb.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, sənədin hazırlanmasında məqsəd antibiotiklərin heyvandarlıqda effektiv istifadəsinə nail olmaqdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il heyvandarlıqda tonlarla antibiotik tətbiq edilir ki, bu da səhiyyədə istifadə olunan antibiotikləri iki dəfədən çox üstələyir. Qeyd edək ki, antibiotiklər heyvandarlıq, o cümlədən quşçuluq sahəsində xəstəliklərin müalicə və profilaktikası ilə yanaşı, çəki artırmaq məqsədilə boy stimulyatoru kimi də geniş istifadə edilir. Belə antibiotiklərə “antibiotik-stimulyatorlar” və ya “yem antibiotikləri” də deyilir.
Antimikrob təsirinə görə həmin preparatların baytarlıq və səhiyyə sahəsində, eləcə də qida sənayesində geniş miqyasda istifadəsi mikroorqanizmlərdə antibiotiklərə qarşı davamlılığın (antimikrob rezistentlik) yaranmasına səbəb olur. Əmələ gələn yeni və rezistent patogen ştammların ətraf mühitə yayılması mikroorqanizmlərin ekoloji tarazlığının pozulması ilə nəticələnir. Antimikrob rezistentlik səbəbindən yeni antibiotiklərin tətbiqi zərurəti yaranır və bu da antimikrob rezistentliyin qlobal xarakter almasına aparıb çıxarır.
Antibiotiklərin quşçuluq sahəsində istifadəsinə dair əldə olunmuş elmi-risk qiymətləndirilməsinin nəticəsinə əsasən qeyd edilir ki, həmin preparatların kortəbii və genişmiqyaslı tətbiqi onların heyvan mənşəli qida məhsullarında qalıq şəklində toplanmasına səbəb olur. Bu da həmin qidaları istehlak edən insanların sağlamlığında ciddi problemlərə (allergiyalar, toksikozlar və s.) səbəb ola bilər.
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri quşçuluq sahəsində antibiotiklərin istifadəsinin tənzimlənməsi sahəsində tədqiqat işlərini davam etdirirlər.