“Aqrar ixtisaslaşmış jurnalistlər” layihəsinə başlanılıb
Gəncə, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC
“Aqrar İnkişaf Könüllüləri”nin təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə “Aqrarixtisaslaşmış jurnalistlər” layihəsi çərçivəsində respublikanın müxtəlif ali təhsil müəssisəsindən seçilən 35 tələbə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU), Samux rayonu Ata Aqro MMC və Şəmkir Aqroparka səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə iştirakçılarını ADAU-nun müasir təhsil şəraiti, texniki baza, tələbələrin sosial həyatı, heyvandarlıq kompleksi, laboratoriyalar, maşın traktor parkı, istixanalar, vivarium adlı auditoriyalar, kitabxana və başqa sahələr daha çox maraqlandırıb.
İstiqlal Muzeyində ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov layihə iştirakçıları ilə görüşüb, universitetin inkişaf yolundan danışıb, “Aqrar İnkişaf Könüllüləri”nin işinin daha mükəmməl olması üçün tövsiyələrini verib.
İştirakçılar üçün “Sosial medianın kənd təsərrüfatında rolu”, “Jurnalistikanın əsasları”, “Bitkiçilik”, “Heyvandarlıq”, “Torpaqdan səmərəli istifadə”, “Aqrar sahədə data analitikası və elektron kənd təsərrüfatı”, “Kənd təsərrüfatına dövlət dəstəyi”, “Aqrar məşğulluq və kənd təsərrüfatı kreditləri” mövzularında təlimlərin keçiriləcəyi də nəzərdə tutulur.