Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Tovuzda fermerlərin müraciətlərini dinləyib
Bakı, 6 fevral, AZƏRTAC
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri əsasən subsidiyaların ödənişi, kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, güzəştli şərtlərlə texnika alışı, müasir suvarma sistemləri və digər məsələlərlə bağlı olub. AKİA sədri Yalçın Camalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Fermerlər Aqrar Subsidiya Şurasının qəbul etdiyi yeni subsidiya əmsalları, kənd təsərrüfatı texnika və avadanlıqlarının satışına tətbiq edilən dövlət güzəştləri, aqrar təyinatlı kredit məhsulları barədə məlumatlandırılıblar.
AKİA sədri Yalçın Camalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verdiyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra AKİA sədri rayonun Abulbəyli kəndində fermer Hikmət Sadıqova məxsus istixana kompleksi və intensiv cins keçi təsərrüfatının fəaliyyəti ilə tanış olub. Təsərrüfat sahibi AKİA xətti ilə aşağı faizli kreditlərdən yararlandığını bildirib, damazlıq keçi təsərrüfatının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.