Aqrar layihə fermer ehtiyaclarını qarşılayan innovativ həlləri dəstəkləyəcək
Bakı, 19 noyabr, AZƏRTAC
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Aqrar Xidmətlər Agentliyi ilə birgə həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində innovativ layihələr dəstəklənəcək. İnnovativ layihələr pilot bölgələr olan Quba-Xaçmaz və Gəncə-Qazax regionlarından seçilir. FAO-nun Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, layihənin həyata keçirilməsində məqsəd fermerlərin ehtiyaclarına cavab verən innovativ həllərin tapılmasıdır.
“Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinə cəlb edilmiş beynəlxalq ekspert Kiaran Qannon qarşıdakı 6 ayda nəzərəçarpan dəyişiklik əldə ediləcəyini bildirib: “Qarşımızda həm dövlət, həm özəl sektorun iştirakını nəzərdə tutan əməkdaşlıq əsaslı innovativ layihələrin hazırlanması kimi bir hədəf var. İnnovativ layihələrin qısa müddətdə hazırlanması üçün fermerlərin ehtiyacları öyrənilib. Fermerlər, təhsil və tədqiqat müəssisələri ilə müzakirə edilmiş bu layihələr istehsalçıların ehtiyac və tələblərinə əsaslanır”.
Layihənin milli koordinatoru Vüqar Bəşirov informasiya və kommunikasiya texnologiyalarından istifadə ilə bağlı gənc fermerləri əhatə edən innovasiyalara, fermerlərin maliyyə çətinliklərini asanlaşdıran, təsərrüfatın təşkili, məhsulun yoxlanılması, saxlanması və bazara çıxarılmasını təmin edən həllərə ehtiyac duyduqlarını və layihənin bu istiqamətləri əhatə edən platformaları dəstəkləyəcəyini bildirib.
“Yeni aqrar məsləhət xidməti məhsulu olan əmtəə əsaslı məsləhət platformalarının pilot regionlarda sınağına başlanılıb. Bu istiqamətdə fermerlərlə birbaşa ünsiyyətdə olacaq fasilitatorlara beynəlxalq ekspertlər tərəfindən təlim keçiriləcək. Təlimlər layihənin hər iki hədəf regionundakı fasilitatorları əhatə edəcək”, - deyə Vüqar Bəşirov əlavə edib.
Qeyd edək ki, “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi ölkə üçün yeni Aqrar Məsləhət Xidməti Modeli, 5 illik strategiya və pilot regionlarda aqrar məsləhət xidmətlərinin təminatı üzrə 3 illik plan hazırlayır.