“Aqrar Tədarük və Təchizat” ASC fermerdən kələm və çuğundur satın alıb VİDEO
“Aqrar Tədarük və Təchizat” ASC ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerə dəstək”
Bakı, 29 oktyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC fermerlərlə əməkdaşlığını davam etdirir. Bu dəfə qurum Bərdə rayonu Həsənqaya kənd sakini fermer Sahib Mehdiyevdən kələm və çuğundur məhsullarını tədarük edib.
AZƏRTAC xəbər verir ki, kəndli-fermerin müraciətini dəyərləndirən ATT-nin Bərdə Regional İdarəsinin əməkdaşları məhsullara və təsərrüfata baxış keçiriblər. Tərəflər arasında əldə olunan razılığa əsasən fermerin yetişdirdiyi 1,6 ton kələm və 1 ton çuğundur məhsulu ATT tərəfindən satın alınıb. Tədarük edilən məhsulların ödənişi isə “Fermer kartı” vasitəsilə həyata keçirilib.
Fermer Sahib Mehdiyev deyib: “Təsərrüfatımda yetişdirdiyim məhsulları sata bilmirdim. “Aqrar Tədarük və Təchizat” ASC-nin Bərdə Regional İdarəsinə müraciət etdim. Sağ olsun idarənin əməkdaşları, gəlib yerində baxdılar. İndi məhsulları münasib qiymətə onlara satıram. Şükür ki, məhsulumuz yerdə qalmadı”.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC yetişdirdiyi məhsulların keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri normalara uyğun olan hər bir fermerlə əməkdaşlığa açıqdır. Bu günə qədər qurum yüzlərlə fermerlə əməkdaşlıq edib və bu sayı daha da artırmaq niyyətindədir. ATT ilə əməkdaşlıqda maraqlı olan fermerlər qurumun regional idarələrinə baş çəkə, sosial şəbəkə hesablarına yaza və ya +994504008899 nömrəsinə zəng edə bilərlər.