AQTA-dan konservləşdirilmiş məhsullarla əlaqədar xəbərdarlıq
Bakı, 2 dekabr, AZƏRTAC
Qış aylarında ev şəraitində hazırlanan məhsulların istifadəsi halları daha çox müşahidə edilir. Meyvə və tərəvəzləri təkcə mövsümündə deyil, digər aylarda da istifadə etmək üçün ənənəvi üsullardan faydalanaraq həmin məhsullar məişət şəraitində konservləşdirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AZƏRTAC-a bildiriblər ki, konservləşdirmə prosesinin düzgün aparılmaması nəticəsində tibdə “botulizm” adlanan qida zəhərlənmələrinə aparıb çıxararaq ağır nəticələrə səbəb olur. İstehsal zamanı sanitar-gigiyenik qaydalara, sterilizasiya parametrlərinə, saxlanma rejiminə və ya taranın hermetikliyinə düzgün əməl edilmədikdə konservlər xarab olur. Həmin halların mövcudluğu qida təhlükəsizliyi ilə əlaqədar risk faktını ortaya qoyur.
Məhsulların konservləşdirilməsində istifadə olunan meyvə-tərəvəz yaxşı yuyulmadıqda onların üzərində torpaq hissəcikləri qalır və botulizmə səbəb olan mikroorqanizmlərin konserv məhsuluna keçməsinə şərait yaradır. Onlar sporlarla çoxalır və yalnız müəyyən bir müddət 100 dərəcə С-də qaynadıldıqda məhv olur. Botulizm törədiciləri oksigensiz şəraitdə inkişaf edir. Bundan başqa, konservləşdirilmiş məhsullarda digər mikroorqanizmlərin mövcudluğu səbəbindən məhsulun qapağının şişməsi halları baş verir və həmin məhsullar xarici görünüşünə görə xarab təsir bağışlayır. Belə ki, toxumalar yumşalır, yad qoxu gəlir, qaz yaranır, məhsulun suyu bulanıq olur və dadı dəyişir. Nəticədə konserv bankaları şişir və “bombaj” əmələ gəlir.
Ev şəraitində hazırlanan konserv istifadə edilərkən müvafiq gigiyena və təhlükəsizlik qaydalarına çox ciddi şəkildə əməl edilməlidir. Qeyd edək ki, yalnız ev şəraitində hazırlanan konservlər deyil, ticarət obyektlərində satılan sənaye konservləri də saxlanma şəraiti, temperatur rejimi və s. tələblərə əməl olunmadıqda zəhərlənmələrə səbəb olur. Ona görə də mağazalardan tərəvəz, balıq, ət və s. konservlər alınarkən qablaşmaya fikir verilməlidir. Məhsulun yararlılıq müddətinə diqqət yetirilməli, qapağı "şişməməli", metaldan olan konserv bankasının üzərində batıq yerləri olmamalıdır. Metal bankalarda olan balıq və ət konservləri açıldıqdan dərhal sonra digər qaba qoyulmalıdır.
Bununla əlaqədar olaraq əhaliyə xəbərdarlıq edərək bildirilir ki, konservləşdirilmiş məhsullardan istifadə zamanı həyat və sağlamlıq üçün tövsiyə olunan qaydalara ciddi şəkildə riayət olunmalı, həmin məhsullarla əlaqədar hər hansı uyğunsuzluq aşkarlandıqda müvafiq dövlət qurumlarına və AQTA-nın “1003-Çağrı mərkəzi”nə müraciət edilməlidir.