AQTA idxalda aşkarlanan uyğunsuzluqlarla əlaqədar müxtəlif ölkələrə 182 bildiriş göndərib
Bakı, 22 noyabr, AZƏRTAC
Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan virus və bakteriya mənşəli bir sıra xəstəliklər yayılır. Həmin virus xəstəlikləri əsasən pomidor bitkisinə aid olsa da, həmin viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. Bununla əlaqədar olaraq, ölkəmizdə idxal tələbləri dəyişdirilmiş və fitosanitar nəzarət tədbirləri daha da gücləndirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) keçirilən mətbuat konfransında məlumat verilib.
Qeyd edilib ki, 2021-ci ilin ötən dövrü ərzində idxalda aşkarlanan uyğunsuzluqlarla əlaqədar agentlik müxtəlif ölkələrə ümumilikdə 182 bildiriş göndərib. Həmin bildirişlərdən 125-i Rusiya (ərzaqlıq buğda - 98, ərzaqlıq qarğıdalı-6, toxumluq kartof- 21), 37-si İran (ərzaqlıq kartof- 36, toxumluq kartof -1), 15-i Gürcüstan (ərzaqlıq kartof- 5, toxumluq kartof - 10), 3-ü Türkiyə (tinglər-1, ərzaqlıq kartof -2), 1-i Ukrayna (günəbaxan toxumu), 1-i İspaniya Krallığına (pomidor toxumu) təqdim edilib.
Həmçinin ölkəmizdən ixrac olunan məhsullarda aşkarlanan uyğunsuzluqlarla əlaqədar ümumilikdə 128 bildiriş daxil olub. Həmin bildirişlərdən 109-u Rusiya (pomidor - 71, şaftalı-16, armud- 4 nektarin-4, digər-14), 17-si Qazaxıstan (pomidor), 2-si Ukraynadan (taxta qablaşdırma materialı) göndərilib. Daxil olmuş bildirişlərlə əlaqədar dərhal araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb.