AQTİ-də Təlim Mərkəzi fəaliyyətə başlayır
Bakı, 10 fevral, AZƏRTAC
Qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi, bu sahədə mütəmadi qaydada təlimlərin təşkil edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Qida Təhlükəsizliyi Təlim Mərkəzi fəaliyyətə başlayır.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, ilkin mərhələdə Təlim Mərkəzinin konsepsiyası və xüsusi tərtibatda kataloqu, eyni zamanda mərkəzin səmərəli fəaliyyəti ilə əlaqədar əsas təlim metodları və ilkin qeydiyyatı ilə bağlı xüsusi formalar hazırlanıb.
Təlimlərin daha səmərəli və keyfiyyətli təşkili üçün Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri və beynəlxalq təlimçilərin siyahısı müəyyən edilib, təyin edilmiş meyarlar üzrə onların təsnifatlaşdırılması aparılıb və daim yenilənən təlimçi bazası yaradılıb. Eyni zamanda, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı istiqamətləri ilə əlaqədar peşə kvalifikasiyaları üzrə sertifikatlaşdırma mexanizmi yaradılıb, həmin sahələr üzrə xüsusi təlim modulları və onların alt modulları hazırlanıb.
Gələcəkdə Qida Təhlükəsizliyi Təlim Mərkəzində “Onlayn məsləhət”, “Məsafədən təlim”, “Təlimlərə və tədbirlərə onlayn qeydiyyat” panellərindən ibarət elektron xidmətlər platformasının yaradılması nəzərdə tutulur.