“ARAZ” FUTZAL KOMANDASI GÜRCÜSTANIN “İBERİYA” KLUBUNA QALİB GƏLMİŞDİR
Qarşılaşmanın 5-ci dəqiqəsində “İberiya”nın braziliyalı legioneri Elias hesabı açsa da, 12-ci dəqiqədə Rəcəb Fərəczadə cavab topu vurmuşdur. Görüşün 18-ci dəqiqəsində “Araz”ın braziliyalı legioneri Sici hesabı 2:1-ə çatdırmışdır.
İkinci hissədə Rizvan Fərzəliyev daha iki qol vurub hesabı 4:1-ə çatdırsa da, “İberiya”nın oyunçuları qısa vaxtda həmin topların əvəzini çıxmışlar (3:4). Qarşılaşmanın 36-cı dəqiqəsində “Araz”ın rusiyalı legioneri Pyotr Kapkov daha bir qol vurmuş və komanda 5:3 hesabı ilə qələbə qazanmışdır.
Növbəti yoldaşlıq görüşü sentyabrın 9-da olacaqdır.
Xatırladaq ki, ötən il bu iki komanda arasında keçirilmiş yoldaşlıq oyunu 7:1 hesabı ilə Azərbaycan futzalçılarının xeyrinə başa çatmışdı. “Araz” komandası Avropa çempionlar liqasının ilk seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 9-dan 15-dək Zaqreb şəhərində Xorvatiya və Yunanıstan çempionları ilə qarşılaşacaqdır. Komandanın üçüncü rəqibi hələ məlum deyil. Yarışlar 32 komandanın iştirakı ilə 8 yarımqrupda keçiriləcəkdir. Qruplarda 1-2-ci yerləri tutanlar ikinci seçmə mərhələyə vəsiqə qazanacaqlar.
Yarımfinal və final oyunları 2007-ci ildə olacaqdır.