Argentina və Braziliyadan qida məhsulları idxal edən sahibkarlarla görüş olub
Bakı, 14 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində ölkəmizə Argentina və Braziliyadan qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir respublikamıza Argentina və Braziliyadan yüksək riskli qida məhsullarının idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, sahibkarlarla əməkdaşlığı genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədi daşıyıb.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov qida təhlükəsizliyi, o cümlədən yüksək riskli qida məhsullarının idxalı sahəsində qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının, xüsusilə heyvan mənşəli məhsulların istehsal və emal edildiyi obyektlərin təsdiqi prosesinə başlanılıb. Bununla əlaqədar olaraq, hazırda ixracatçı ölkələrdə fəaliyyət göstərən istehsal müəssisələrinin yerində və ya videokonfrans formatında qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələri əsasında müəssisələr təsdiq olunur və ya müvafiq tələblərə cavab vermədiyi üçün təsdiqdən imtina edilir.
Agentliyin Aparat rəhbəri Elxan Mikayılov bir sıra ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin qeydiyyatı və təsdiqi işinin uğurla aparıldığını bildirib, Argentina və Braziliyadan respublikamıza qida məhsulları idxal edilən müəssisələrin də həmin prosesə fəal qoşulmasının vacibliyini önə çəkib. Eyni zamanda vurğulayıb ki, əvvəlcədən verilmiş məlumata uyğun olaraq, yaxın vaxtlarda qeydiyyat üçün müraciət etməmiş Argentina, daha sonra isə Braziliya müəssisələrindən ölkəmizə yüksək riskli qida məhsullarının gətirilməsinə icazə verilməyəcək. Ona görə də istehsal etdikləri qida məhsullarının ölkəmizə idxalında maraqlı olan obyektlər vaxtında qeydiyyat və təsdiq üçün müraciət etməlidir.
Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.