İDMAN
“Arsenal”ın baş məşqçisi: “Neftçi”ni uda bilməsək, faciə olmayacaq
![“Arsenal”ın baş məşqçisi: “Neftçi”ni uda bilməsək, faciə olmayacaq](/files/2019/2/1200x630/15646704534430338891_1200x630.jpg)
Bakı, 1 avqust, AZƏRTAC
Tulanın “Arsenal” futbol klubunun baş məşqçisi İqor Çerevçenko Avropa Liqasının ikinci təsnifat raundunda Bakının “Neftçi” komandası ilə cavab matçı ilə bağlı fikirlərini bölüşüb. Xatırladaq ki, bu komandaların arasında birinci oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.
AZƏRTAC xəbər verir ki, İqor Çerevçenko deyib: “Ciddi problem yoxdur. Hər bir oyundan sonra müəyyən məsələlər yaranır, lakin onları həll etmək çətin deyil. Bizim oyunçular hamısı sağ-salamatdır. Güman edirəm ki, hava şəraiti oyunun sürətinə həmişə təsir göstərir, lakin istidən şikayətlənməyə hazırlaşmırıq. Əlbəttə, meydan sahibləri belə havaya daha çox vərdiş ediblər, amma burada qorxulu bir məqam görmürəm. Hər şey normal olacaq.
“Neftçi”ni uda bilməsək, faciə olmayacaq. Həyat davam edir. Futbolda hər şey olur. Biri daha güclü, digəri bir qədər zəif olur. Öz doğma divarlarımız arasında iki matçı uduzmağımız, əlbəttə, xoşagələn hal deyil. Lakin bununla barışmaq lazımdır. Məşhur ingilis məşqçilərindən birinin dediyi kimi, hər məğlubiyyəti faciəyə çevirsək, mən heç bir il yaşamaram”.
“Neftçi” ilə “Arsenal”ın cavab oyunu bu gün, avqustun 1-də yerli vaxtla saat 21.00-da Bakıdakı “Baksell-Arena” stadionunda başlanacaq. Bugünkü oyunun qalibi növbəti raundda İsrailin “Bney İyequda” komandası ilə qarşılaşacaq.