Arzu Səmədova: Yaxın illərdə Azərbaycanda Qobustan Geoparkı yaradılacaq
Bakı, 22 noyabr, AZƏRTAC
Qobustan-Umbakı istiqamətində yerləşən Torağay-Qılınc-Ağdam palçıq vulkanlarına infotur təşkil olunub.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova AZƏRTAC-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bir sıra dövlət qurumları, özəl təşkilatlar və müxtəlif səfirliklərin əməkdaşları iştirak ediblər: “İnfoturun keçirilməsində məqsəd UNESCO-nun “Qlobal Geopark Şəbəkəsi” Proqramı çərçivəsində ölkəmizdə yaradılması nəzərdə tutulan yeni xüsusi mühafizə olunan ərazi kateqoriyası olan “Qobustan Geoparkı”nın tanıtımı və bu barədə ictimaiyyətin məlumatlandırılmasıdır.
Tədbir zamanı yürüş iştirakçılarına palçıq vulkanlarının xüsusiyyətləri, onların geomorfoloji quruluşu ilə bağlı məlumatlar verilib, ənənəvi qışlaq turizmi nümayiş etdirilib”.
A.Səmədova onu da qeyd edib ki, yaxın illərdə yaradılacaq “Qobustan Geoparkı”nın ölkəmiz və o cümlədən, region üçün əhəmiyyəti böyükdür.
Onun sözlərinə görə, 300-dən çox palçıq vulkanının yayıldığı ölkə kimi Azərbaycanın UNESCO ilə əməkdaşlıq zəminində qlobal miqyasda təbliği ekoloji turizmin bir qolu olan geoturizmə töhfə verməklə yanaşı, ölkəyə xeyli sayda turist axınına səbəb olacaq.