ASAN könüllülərindən növbəti səhnə işi
Bakı, 15 sentyabr, AZƏRTAC
ASAN könüllüləri tərəfindən “Milli musiqinin inciləri” konsert proqramı hazırlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 18 Sentyabr - Milli Musiqi Gününə həsr olunmuş tədbir Azərbaycanın musiqi və mədəniyyət incilərinin təqdimatı, tariximizin təbliğatı məqsədilə təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizin musiqi mədəniyyəti tarixinə qısa nəzər salıb, bu sahəyə dövlətimizin göstərdiyi qayğı və diqqəti xüsusi vurğulayıb.
Konsert Azərbaycan Milli Konservatoriyasının Xalq Çalğı Alətləri Orkestrinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Konsert zamanı, “Sarı gəlin", “Tez gəl”, “Yaylıq” və s. kimi məşhur mahnılar səsləndirilib, Üzeyir Hacıbəylinin əsərlərinin kompozisiyalarından ibarət rəqs nümayiş etdirilib.
Sonda Əməkdar artist Aygün Bəylərin və könüllülərin ifasında "Ey Vətən!" mahnısı səsləndirilib.
Konsertin dəstəkçiləri Müslüm Maqomayev adına 26 nömrəli 11 illik Musiqi Məktəbi, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecidir.
Qeyd edək ki, ASAN könüllüləri bu günə qədər vətənpərvərlik, dövlətçilik, təhsil, ekologiya, sosial, mədəniyyət, eləcə də fərdi inkişaf istiqamətində 1000-dən çox yerli və beynəlxalq layihədə iştirak, habelə, təşkilatçı qismində çıxış ediblər.