ASCO-da Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib
Bakı, 28 aprel, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrində Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, tədbirlərdə əmək münasibətləri sahəsində görülən işlərdən danışılıb.
Qeyd edilib ki, ASCO-da sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması mühüm məsələlərdəndir. Şirkətdə işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, normal iş şəraitinin yaradılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, istehsalatda bədbəxt hadisələrin baş verməməsi, əmək münasibətləri sahəsində qanunvericiliyə əməl olunmasına hər zaman ciddi nəzarət edilir.
Tədbirlər çərçivəsində mövzu ilə əlaqədar əməkdaşları maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətinin artırılması məqsədilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2003-cü ildən aprelin 28-i tarixini Ümumdünya Əməyin Mühafizəsi Günü elan edib. Builki Ümumdünya Əməyin Mühafizəsi Günü “Sağlam və təhlükəsiz iş şəraiti əməyin mühafizəsinin əsas prinsipi və işçinin hüququdur” devizi ilə keçirilir.