AŞPA-NIN NÜMAYƏNDƏLƏRİ QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞLƏR
Beynəlxalq təşkilatın nümayəndələrinə bildirilmişdir ki, yaşayış üçün yararlı olmayan həmin binada təcavüzkar Ermənistanın silahlı qüvvələrinin işğalı altında olan Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının sakinləri, ümumilikdə 230 ailə yerləşdirilmişdir.
Hüquq müdafiəçiləri qaçqınların yaşayış şəraiti ilə tanış oldular. Cəbrayıllı qaçqın Həsən Əhmədov, Füzuli rayonundan olan Telli Abuzərova beynəlxalq təşkilatın nümayəndələrinə uzun müddət belə dözülməz şəraitdə yaşadıqlarını bildirdilər. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə qeyri-obyektiv münasibət göstərən, təcavüzkar dövlətlə təcavüzə məruz qalmış Azərbaycanı eyniləşdirən, bunların arasında fərq qoymayan, ikili standartlar siyasəti yeridən bəzi beynəlxalq təşkilatlara etirazlarını bildirdilər. Doğma ata-baba yurdlarına dönmək arzusunda olduqlarını söylədilər. Ermənilərin qaçqın və məcburi köçkünlərimizə qarşı törətdikləri vəhşilikləri əks etdirən fotoşəkilləri AŞPA-nın təmsilçilərinə nümayiş etdirdilər.
Görüşdə Nazirlər Kabineti qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov respublikamızda qaçqın və məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilən Dövlət Proqramı barədə qonaqlara məlumat verdi.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Nairə Şahtaxtinskaya görüşdə iştirak etmişdir.