AŞPA-NIN PAYIZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Payız sessiyası AŞPA bürosunun, komitə və qruplarının oktyabrın 3-də günün birinci yarısında keçirilmiş yığıncaqları ilə öz işinə başlamışdır.
Səməd Seyidov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yığıncaqlarda çıxış etmiş deputatlarımız müzakirə olunan məsələlərlə əlaqədar ölkəmizin mövqeyini çatdırmışlar.
Demokratiya qrupunun ilk iclasında Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı qrupun sədri məlumat vermişdir. Müzakirələr zamanı Səməd Seyidov ölkəmizdə növbəti parlament seçkilərinin açıq, demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi ilə əlaqədar olaraq, Azərbaycan hakimiyyətinin gördüyü işlər haqqında ətraflı məlumat vermiş, ATƏT-in illik hesabatında ölkəmizdə seçkilərlə bağlı işlərin normal və yaxşı təşkil olunması barədə məlumatını deputatların nəzərinə çatdırmışdır.
Demokratiya qrupu Avropa Şurasının Azərbaycanda keçiriləcək parlament seçkilərində çox maraqlı olduğunu xüsusi vurğulamışdır. Ona görə də müşahidə missiyasının tərkibinin artırılması ilə əlaqədar müzakirə aparmağı qərara almışdır. Yəni, Avropa Şurası seçkilərin gedişini izləmək üçün ilk dəfə ölkəmizə 40 deputat göndərməyi nəzərə almışdısa, sonradan onların sayının artırılması və böyük bir deputat qrupunun müşahidəçi qismində Azərbaycana göndərilməsi barədə qərar çıxarmışdır.
Günün ikinci yarısında işini davam etdirmiş sessiyada deputatlar cari məsələləri müzakirə etmişlər. Avropalı deputatlar gündəliyi təsdiq edərək, payız sessiyasında Parlament Assambleyası baş katibinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə komissarın seçilməsi, “Qadınlar və Avropada dinlər”, “Zorla evlənmə və uşaqların evlənməsi”, “Moldovada demokratik təsisatların fəaliyyəti”, “Avropa Şurası və Avropa İttifaqının yaxın qonşuluq siyasəti”, “ATƏT və dünya iqtisadiyyatı”, “Ukraynanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi”, “Liviyada insan hüquqlarının ciddi şəkildə pozulması”, “Belçikanın Brüssel rayonunda dilçilik problemlərinə qayğı” və digər məsələlər ətrafında fikir mübadilələri aparmağı qərara almışlar.
Sessiya işini davam etdirir.