AŞPA-NIN PAYIZ SESSİYASINDA CƏNUBİ QAFQAZ REGİONUNDA VƏZİYYƏTLƏ BAĞLI GENİŞ MÜZAKİRƏLƏR APARILACAQDIR
AZƏRTAC xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sentyabrın sonunda keçiriləcək payız sessiyasında Cənubi Qafqaz regionunda gedən proseslərlə bağlı geniş müzakirələr aparılacaqdır. AŞPA bu barədə qətnamə qəbul edəcək və bununla da regiondakı hadisələrə təşkilatın münasibəti formalaşacaqdır.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov demişdir ki, qurumun bu günlərdə Parisdə keçirilən büro iclasında Cənubi Qafqaz bölgəsi ilə bağlı müzakirələr aparılmış və sessiyaya qədər vəziyyətin daha dərindən araşdırılması qərara alınmışdır.
S.Seyidov onu da bildirmişdir ki, Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinin nəticələri isə qurumun yanvar sessiyasında müzakirə olunacaqdır. Prezident seçkilərinin nəticələrini izləmək üçün Avropa Şurası Parlament Assambleyasının uzunmüddətli müşahidə missiyası yaxın günlərdə Bakıya gələcəkdir. Onlar ölkədəki seçkiqabağı vəziyyəti öyrənəcəklər. Avropalı deputatlardan ibarət 30 nəfərlik qrup isə oktyabrın 15-də səsvermənin gedişini izləyəcəkdir. AŞPA-nın müşahidəçilərinə, o cümlədən digər beynəlxalq qurumların nümayəndələrinə seçki prosesini izləmək üçün kifayət qədər normal şərait yaradılmışdır.