AŞPA-NIN QIŞ SESSİYASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə parlament nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 22-də Strasburq şəhərinə gəlmişdir.
Nümayəndə heyətinin tərkibinə deputatlar Vaqif Vəkilov, Nairə Şaxtaxtinskaya, Bəxtiyar Əliyev, Rafael Hüseynov, Gültəkin Hacıyeva, Asim Mollazadə, Qulamhüseyn Əlibəyli, Əli Hüseynov, Aydın Mirzəzadə, Azər Kərimli, nümayəndə heyətinin katibi İlyas Quliyev və daimi komissiyanın eksperti Ruslan İsmayılov daxildirlər.
AŞPA-nın qış sessiyası yanvarın 24-də öz işinə başlamışdır. Günün birinci yarısında deputatlarımız ayrı-ayrı komitə və qrupların iclaslarında iştirak etmiş, müzakirəyə çıxarılan məsələlərlə bağlı ölkəmizin mövqeyini bildirmişlər.
Günün ikinci yarısında AŞPA-ya sədr və müavinlərin seçkisi ilə sessiya öz işini davam etdirmişdir. Deputatlar hollandiyalı deputat Rene van der Lindeni yekdilliklə AŞPA-nın sədri vəzifəsinə seçmiş və onun 19 müavinini təsdiq etmişlər.
Yeni seçilmiş sədrin təklifi ilə deputatlar Cənub-Şərqi Asiyada baş vermiş təbii fəlakət qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Sonra sessiyanın gündəliyinə çıxarılmış məsələlər müzakirə olunmuşdur. Deputatlar Ukrayna və Fələstində keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı hesabatı, ATƏT-in Parlament Assambleyasının sədri Elsi Hastinqsin bəyanatını, ingiltərəli deputat Devid Atkinsonun Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəsini, Kosovoda insan hüquqlarının vəziyyətini, “Yukos”un aparıcı rəhbərlərinin həbsi və istintaqı ətrafında cərəyan edən hadisələrlə əlaqədar hesabatı, Serbiya-Çernoqoriyadan Avropa İnsan Hüquqları Məhkəməsinə hakimin seçilməsini, Yaxın Şərqdə sülh prosesinin perspektivlərini, Avropa Şurasının Polşada keçiriləcək üçüncü zirvə toplantısını, Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyətini, etnik təmizləmə və məcburi əhali köçürülməsinin qurbanlarının xatirəsini əbədiləşdirən Avropa Mərkəzinin yaradılmasını, terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması və bu barədə konvensiyaların layihələrinin hazırlanmasını, cinayət yolu ilə əldə olunmuş gəlirlərin axtarılması və müsadirə edilməsini və digər məsələləri müzakirə etməyi qərara almışlar.
Daha sonra almaniyalı deputat Volfqanq Yodarqın genetik cəhətdən dəyişdirilmiş orqanizmlə bağlı hesabatı dinlənilmişdir. Hesabatda və bu məsələ ilə bağlı müzakirələrdə son dövrlərdə insan orqanlarının dəyişdirilməsinin qorxulu hal aldığı xüsusi vurğulanmış, kasıb ailələrdən və valideyn himayəsindən məhrum olan sağlam uşaqların orqanlarının çıxarılaraq gizli yollarla müxtəlif ölkələrə aparılması kimi təhlükəli vəziyyətin reallığı qeyd edilmiş, Avropa dövlətlərinin belə əməllərə qarşı ciddi mübarizə aparmalarının vacibliyi vurğulanmışdır.
Bununla da sessiyanın birinci iş günü başa çatmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq