AŞPA-NIN SƏDRİ AZƏRBAYCAN, GÜRCÜSTAN VƏ ERMƏNİSTAN NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN RƏHBƏRLƏRİNİ QƏBUL ETMİŞDİR
Söhbət zamanı Azərbaycanda keçiriləcək parlament seçkiləri, Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vaxtının çatması və Ermənistanda Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendumun keçirilməsi məsələləri müzakirə olunmuşdur.
Fikir mübadiləsi zamanı ölkəmizdə parlament seçkiləri ilə əlaqədar görülmüş işlər vurğulanmış, ATƏT-in bununla bağlı hesabatı yüksək qiymətləndirilmişdir. AŞPA-nın sədri Azərbaycanda keçiriləcək seçkilərə Avropa Şurasının çox böyük diqqət göstərdiyini xüsusi qeyd etmiş, seçkilərin gedişini izləmək üçün göndəriləcək müşahidəçilərin sayının artırıldığını bildirmiş və bu məsələ ilə bağlı Azərbaycan Prezidenti ilə vaxtaşırı əlaqə saxlayacağını söyləmişdir.
Görüşdə son zamanlar Azərbaycandakı icazəsiz mitinqlərlə əlaqədar da fikir mübadiləsi aparılmışdır. Milli Məclisin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mitinqlərin dinc və qanun çərçivəsində keçirilməsi üçün Azərbaycan hökümətinin əlindən gələni etdiyini xüsusi vurğulamışdır. O demişdir ki, son vaxtlar icazəsiz mitinqlər zamanı baş vermiş hadisələr heç də Azərbaycan hökumətinin istədiyindən irəli gəlməmişdir, ölkədə seçkiqabağı vəziyyəti gərginləşdirməkdə, Azərbaycanın beynəlxalq aləmdəki imicinə mənfi təsir etməkdə maraqlı olan bəzi qüvvələr vardır.
Söhbət zamanı belə bir istək ifadə olunmuşdur ki, Azərbaycan seçkilərlə bağlı məsələdə AŞPA ilə daim əlaqə saxlasın və yarana biləcək problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərilsin.
Görüşdə Dağlıq Qarabağ probleminə də toxunulmuşdur. S.Seyidov problemin həlli ilə əlaqədar olan komitənin yaradılmasına görə AŞPA-nın rəhbərliyinə təşəkkürünü bildirmişdir. Bununla yanaşı, Avropa Şurasının ilk növbədə Dağlıq Qarabağ probleminə dair AŞPA-nın qəbul etdiyi qətnamənin həyata keçirilməsi ilə birbaşa məşğul olmasını sədrin diqqətinə çatdırmış, hansısa yeni sənədlərin təzədən Parlament Assambleyasının müzakirəsinə çıxarılmaqdansa, qəbul edilmiş qətnamədə bənd-bənd göstərilmiş müddəaların həyata keçirilməsinin ölkəmiz üçün daha mühüm olduğunu söyləmişdir. Qaldırılmış məsələ AŞPA tərəfindən qəbul edilmiş, bu sahədə birgə fəaliyyətin vacibliyi göstərilmişdir.