AŞPA-NIN YAY SESSİYASINDA AZƏRBAYCANLI DEPUTATLARIN MANDAT MƏSƏLƏSİ MÜZAKİRƏ EDİLMƏYƏCƏKDİR
Yığıncaqda qurumun Azərbaycan üzrə həmməruzəçilərinin ölkəmizə son səfərləri barədə məlumatları dinlənilmiş, Çernoqoriyanın müstəqilliyi ilə əlaqədar keçirilmiş referendum, Bosniya-Herseqovinada konstitusiya islahatları və digər məsələlər müzakirə edilmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Aydın Abbasov ölkəmizi yığıncaqda təmsil etmişlər.
Yığıncaq barədə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibə verən Səməd Seyidov bildirmişdir ki, ölkəmizlə bağlı məsələnin müzakirəsində komitə üzvlərinin əksəriyyəti may ayında Azərbaycanda keçirilmiş təkrar seçkilər barədə müsbət fikirlər söyləmişlər.
Ölkəmizə qarşı qərəzli mövqeləri ilə tanınmış A.Qross və A.Herkel bu dəfə də ənənələrinə sadiq qalaraq, Azərbaycanda gedən proseslərə öz prizmalarından yanaşmışlar.
Amma yığıncaqda Azərbaycan nümayəndə heyətinin mandatının alınması və bununla bağlı digər problemlərin mövcudluğu yay sessiyasının gündəliyinə salınmamışdır. İyun sessiyasında Azərbaycanla bağlı məsələnin müzakirəsi zamanı monitorinq komitəsinin ölkəmizə dair nöqteyi-nəzərindən çıxışlar səslənəcəkdir. Bu müzakirələrdə nümayəndə heyətimizin üzvləri də öz fikirlərini bildirəcəklər. Azərbaycanda keçirilmiş təkrar seçkilərlə bağlı konkret, ayrıca məruzə dinlənilməyəcəkdir.
Yay sessiyasında ölkəmiz üzrə həmməruzəçilər Azərbaycanda monitorinqlə bağlı ümumi məruzə edəcəklər. Azərbaycanlı deputatlar da məruzəyə öz münasibətlərini bildirəcəklər.
Həmməruzəçilərin hazırladıqları məruzədə də, deputatlarımızın səlahiyyətlərinin dayandırılması və yaxud mandatlarının alınması barədə söhbət getməyəcəkdir. Əlbəttə, müzakirə zamanı ölkəmizlə bağlı müsbət fikirlərlə yanaşı, hər hansı tənqidi qeydlər də olacaqdır. Deputatlarımız hər iki halda çıxışlarda münasibətlərini açıqlayacaqlar.