ASTANANIN 10 İLLİYİ MÜNASİBƏTİLƏ “ATAMƏKAN” ETNİK-MEMORİAL KOMPLEKSİNDƏ MƏDƏNİ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Astananın 10 illiyi münasibətilə paytaxtdakı “Ataməkan” etnik-memorial kompleksində mədəni tədbirlər keçirilmişdir.
Tədbirlərdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, hökumətin üzvləri, deputatlar, senatorlar, Astanadakı milli mədəniyyət mərkəzlərinin rəhbərləri və üzvləri iştirak etmişlər. Paytaxtdakı “Xəzər” Azərbaycan Mədəniyyət Mərkəzinin xalq çalğı alətləri ansamblının üzvləri bir-birindən gözəl mahnı və rəqslərimizi ifa etmişlər.
Kompleksdə 11 yurta qurulmuş, bu çadırlarda Qazaxıstanda yaşayan xalqların adət-ənənələri, tarixi, mədəniyyəti, xalq tətbiqi sənəti, həmçinin milli mətbəxi nümayiş etdirilmişdir.
Yurtaların biri Qazaxıstan və Azərbaycan xalçaçılarının istifadəsinə verilmişdi. Azərbaycan xalça ustası Zakir Binnətli Astanada müxtəlif xalçaçılıq tədbirlərində iştirak edir. Xalça ustası ilin yarısını Bakıda, yarısını isə Astanada yaşayır. Zakir Binnətli bunun səbəbini burada çoxlu sifarişlər verilməsi ilə əlaqələndirdi. O, əsasən qazax və Azərbaycan ornamentləri olan xalçalar toxuyur. Buraya gələnlər Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin əksi olan xalça, Xoca Əhməd Yasəvinin məqbərəsi, “Astana” kompozisiyası və şəhərin rəmzi olan digər əl işlərinə heyranlıqla tamaşa etmişlər.