ASTARADA 2009-CU İLİN BİRİNCİ RÜBÜ UĞURLA YEKUNLAŞMIŞDIR
Astara, 29 aprel (AZƏRTAC). Astara Rayon İcra Hakimiyyətində 2009-cu ilin birinci rübündə idarə, müəssisə və təşkilatlarda görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdırmışdır. Bildirmişdir ki, hesabat dövrü rayon üçün uğurlu olmuşdur. Ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artmışdır. Bu artım kənd təsərrüfatında 26,2 faiz, sənayedə 26,7 faiz, ticarətdə 34,4 faiz, tikintidə 8 faiz, nəqliyyatda 3,6 faiz, rabitədə 1,1 faiz təşkil etmişdir. 259 hektar sahədə dənli və paxlalı bitkilər, 105 hektarda qarğıdalı, 851 hektarda kartof, 841,5 hektarda tərəvəz əkini keçirilmiş, 450 hektar çay plantasiyasında və 350 hektar sitrus və subtropik meyvə bağlarında aqrotexniki tədbirlər görülmüşdür. Mal-qaranın sayı 1308 baş, qoyun-keçinin sayı 577 baş artmış, 35 ton çox ət, 180 ton çox süd, 7 min ədəd çox yumurta istehsal edilmişdir. Sosial məsələlərin həllinə də diqqət artırılmış, tikinti-quruculuq işləri artan sürətlə davam etmişdir. Bu dövrdə rayonda ümumi sahəsi 1958 kvadratmetr olan yaşayış evləri tikilərək istifadəyə verilmiş, küçə və meydanlarda təmir və abadlıq işləri görülmüş, Olimpiya İdman Kompleksinin, ümumtəhsil məktəblərinin və məktəbəqədər tədris müəssisələrinin tikintisi davam etdirilmişdir. Rayonun Marzəsəq kənd orta məktəbi üçün 180 yerlik bina tikilmiş, 480 yerlik Pensər 2 nömrəli və 360 yerlik Rinə kənd orta məktəbləri üçün binanın tikintisi davam etdirilmiş, Pəlikəş kənd orta və Qəcimardə kənd əsas məktəblərinin binalarının tikintisinə başlanmışdır. Şəhər 3 nömrəli, Kijəbə qəsəbə orta məktəblərində, Astara Pedaqoji Texnikumunun əsas korpusunda, mərkəzi xəstəxananın müxtəlif şöbələrində, təcili yardım stansiyasında əsaslı təmir işləri aparılmışdır.
Hesabat məruzəsi ətrafında çıxış edənlər ötən üç ayda görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsanları da ətraflı təhlil etmiş, mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.