REGİONLAR
ASTARADA ÇAYÇILIĞIN İNKİŞAFINA DAİR TRENİNQ KEÇİRİLƏCƏK
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) İqtisadi İnkişaf Nazirliyi ilə birgə həyata keçirdiyi “Özəl sektorun inkişafı” layihəsinin bir qrup əməkdaşı cənub bölgəsində olmuşdur.
Layihənin iqtisadçısı Florian Şröder AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, aprelin 8-də Astara rayonunda çayçılıqla məşğul olan torpaq mülkiyyətçiləri və fermerlər üçün treninq keçiriləcəkdir. Treninqdə Şri-Lankadan gələn ekspertlər çayçılığın inkişafının müxtəlif sahələrinə dair, o cümlədən moderin plantasiyalar haqqında məruzələrdə çıxış edəcəklər. Treninq iştirakçıları Yaponiyadan gətirilmiş budama maşınının işləmə prinsipləri ilə də tanış olacaqlar. Məqsədimiz Azərbaycan çayının şöhrətini özünə qaytarmaq, respublikanın cənub bölgəsinin iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edən çayçılığın əvvəlki potensialını bərpa etməkdə torpaq mülkiyyətçilərinə və fermerlərə yardımçı olmaqdır.