ASTARADA «İŞƏGÖTÜRƏNLƏRİN MƏŞĞULLUQ XİDMƏTİNDƏ ROLU» MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Astara Rayon Mərkəzi Kitabxanasında «İşəgötürənlərin məşğulluq xidmətində rolu» mövzusunda dəyirmi masa keçirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin rayon icra hakimiyyəti ilə birgə keçirdiyi tədbirdə idarə, müəssisə və təşkilatların rəhbərləri, yerli sahibkarlar iştirak etmişlər.
Toplantıda rayon icra hakimiyyəti başçısının müavini Xanverdi Şirinov çıxış edərək ölkəmizdə yoxsulluğun aradan qaldırılmasının, qeyri-məşğul əhalinin münasib işlə təmin edilməsinin, səmərəli məşğulluq sisteminin inkişafının və yeni iş yerlərinin yaradılmasının dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsi olduğunu vurğulamışdır. Natiq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində Astara rayonunda 3350 yeni iş yerinin açıldığını bildirmişdir.
Tədbirdə Astara Rayon Məşğulluq Mərkəzinin direktoru Mərhəmət Əliyevin mövzu ilə bağlı məruzəsi dinlənilmişdir.
Dəyirmi masada çıxış edənlər işaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində qarşıda duran vəzifələrdən danışmış, Azərbaycan Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)»nın əmək ehtiyatlarından daha dolğun istifadə və əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə xidmət etdiyini bildirmişlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.