Astarada mərhum jurnalist Şakir Yaqubovun xatirə guşəsi yaradılıb
Bakı, 27 fevral, AZƏRTAC
Astara rayonunun Kakalos kəndindəki Folklor evində fəaliyyət göstərən Tarix-diyarşünaslıq Muzeyində mərhum jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun xatirə guşəsi açılıb.
AZƏRTAC xəbər verir ki, həmin nəcib və xeyirxah işin təşəbbüsçüsü muzeyin yaradıcısı və könüllü baxıcısı, qocaman mədəniyyət işçisi Fərbiyə Şabanovadır.
Şakir Yaqubov Kakalosun qonşuluğunda yerləşən Bala Şahağac kəndində anadan olub. Həmin kənddə səkkizillik məktəbi bitirdikdən sonra qonşu Pensər kəndində orta təhsilini başa vurub. Məktəbdə dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tanınan Şakir Yaqubov uşaqlar üçün təşkil edilən təbirlərdə yaxından iştirak edib.
İllər keçəndən sonra ölkəmizin nüfuzlu mətbu nəşrlərində çalışan Şakir Yaqubov “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Səhər” və “Panorama” qəzetlərində müxtəlif janrlı çoxlu maraqlı məqalə və publisistik yazılarla çıxış edib. "Mən şahidəm ki…", "Hakim mərkəzi göstərər", "Bizim səfər haçandı?!", "Banişevski olduğu kimi", "Taleyimdən keçənlər", "Yaddaşımın küncündən…", "Bir az da futbol(umuz)dan" və digər kitabların müəllifidir. Ali Media Mükafatına və digər yaradıcılıq mükafatlarına layiq görülüb. 2022-ci il oktyabrın 15-də əbədiyyətə qovuşub.
Bu günlərdə mərhum jurnalistin ailə üzvləri və yaxın dostları Bala Şahağac və Kakalos kəndlərində olub və Tarix-diyarşünaslıq Muzeyi və orada yaradılan Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun xatirə guşəsi ilə tanış olublar. Ziyarətçilər xatirə guşəsinin eksponatları sırasına əlavə etmək üçün jurnalistin şəxsi arxivindən bir sıra sənəd və fotoşəkillərin surətini təqdim ediblər.