CƏMİYYƏT
ASTARADA “NARKOMANİYAYA QARŞI MÜBARİZƏDƏ DİNİN ROLU” MÖVZUSUNDA SEMİNAR-TRENİNQ KEÇİRİLMİŞDİR
Astara, 30 iyun (AZƏRTAC). Astara rayon mərkəzi kitabxanasında “Narkomaniyaya qarşı mübarizədə dinin rolu” mövzusunda seminar-treninq keçirilmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Astara Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi tədbirdə ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, hüquq mühafizə orqanlarının təmsilçiləri, dini icmaların sədrləri və dindarlar iştirak etmişlər.
Rayon icra hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Azər Abdullayev bildirmişdir ki, ölkəmizdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə hər zaman dövlətin diqqət mərkəzində olmuş və bu məqsədlə 2007-2012-ci illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ı qəbul edilmişdir.
Dövlət Proqramının icrası nəticəsində son illər ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə əlaqədar aşkar edilən cinayətlərin və cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayının, habelə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarının artdığını bildirən A.Abdullayev bu işdə profilaktik tədbirlərin genişləndirilməsinin, təbliğat işinin gücləndirilməsinə xüsusi diqqət yetirilməsinin, səhiyyə, təhsil, gənclər təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılmasının vacibliyini diqqətə çatdırmışdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə nümayəndəsi Miryəhya Bədirov mövzu ilə bağlı məruzə etmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi Qəni Axundzadə, rayon veteranlar şurasının sədri Nəriman Məmmədov və başqaları qeyd etmişlər ki, əsrin bəlasına çevrilmiş narkomaniyaya qarşı təkcə hüquq mühafizə orqanlarının gücündən istifadə etməklə mübarizə aparmaq mümkün deyildir, bu işə ictimaiyyətin bütün təbəqələri, o cümlədən dindarlar, Azərbaycan millətinin gələcəyini, onun genofondunu düşünən hər bir şəxs qoşulmalıdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.