REGİONLAR
Astarada onlayn tədbir: “Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir”
Astara, 30 mart, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, şəhər 1 nömrəli və Şağlazüzə kənd tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir” mövzusunda maariflədirici onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova bildirib ki, rəşadətli Azərbaycan Ordusunun Qarabağı 44 gündə azad etməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasətinin, gərgin əməyinin məntiqi nəticəsidir: “Nəhayət ki, noyabrın 8-də 28 illik nisgilə, içimizi yandıran bir həsrətə son qoyuldu. Həmin gün dövlətimizin başçısı böyük fəxarət və qürur hissi ilə Azərbaycan xalqına Şuşanın işğaldan azad olunduğu xəbərini bəyan etdi. Qarabağa, Şuşaya qayıdış yalnız coğrafi ərazilərimizə qayıdış demək deyil, bu qayıdış tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə, ənənələrimizə sahib çıxmaqdır”.
Onlayn tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Elza Kazımova və Aygün Rufullayeva, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyeva, Şağlazüzə kənd tam orta məktəbin direktoru Emin Fətəliyev və şagirdlər mövzu ilə bağlı çıxış ediblər. Qeyd olunub ki, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi bütövlükdə Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin qaytarılmasıdır. Bu qələbə öz yurd-yuvasından didərgin düşən, məcburi köçkün həyatı yaşamağa məhkum edilən bir milyondan çox soydaşımızın tükənməkdə olan arzularının, ümidlərinin yenidən boy atmasıdır.