Astarada torpaq sürüşməsi olub, bir ev qəzalı vəziyyətə düşüb VİDEO
Astara, 15 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunun ucqar dağlıq ərazilərində torpaq sürüşməsi baş verib. Nəticədə bir ev qəzalı vəziyyətə düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son vaxtlar cənub bölgəsinə yağan güclü, aramsız yağışlar Astara rayonunun dağlıq ərazilərinin bir çox yerlərində torpaq sürüşmələrinə gətirib çıxarıb. Dağlardan gələn torpaq qatı rayonun Pəlikeş inzibati dairəsinə aid olan Lomin kənd sakini Aynagül Baloğlan qızı Nabatovaya məxsus evi qəzalı vəziyyətə salıb. İki metrə yaxın torpaq qatı əsasən evin arxa hissəsi və həyətyanı sahəsini əhatə edib. Evin xanımı deyir ki, analoji hadisə 2019-cu ildə də baş verib. Həmin vaxt problem yaxınlarının köməkliyi ilə aradan qaldırılıb. Evin arxa divarı yenidən təmir olunub.
Aramsız yağışlar nəticəsində kənd ərazisindən keçən çay daşıb, piyada köpüsünü uçurub. Çayın əks tərəfində qalan ailələr üçün gediş-gəliş çətinləşib. Sakinlərin sözlərinə görə, körpünün olmamasına görə 15 yaxın şagirdin məktəbə getməsində problem yaranıb. Kənd ərazisində başqa bir yol olsa da, uzaq olduğundan o yolu getmək vaxt aparır.
Astara Rayon İcra Hakimiyyəti başçısının Pəlikeş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəqani Xalıqov AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hadisəni eşidən kimi dərhal kənd sakinləri ilə birlikdə həmin ünvana gedilib, ailə təxliyə olunub: “Vətəndaşlarla birlikdə həyətin içində müəyyən işlər gördük. Hazırda çayda su olduğuna görə texnikaların çayın o tərəfinə keçməsi mümkün deyil. Çayda suyun səviyyəsi aşağı düşəndən sonra ora ağır texnika aparılacaq və evin ətrafı təmizlənəcək. Piyada körpüsünü də sel suları aparıb. Çalışacağıq ki, qısa bir vaxtda körpünü bərpa edək”.
Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində evi qəzalı vəziyyətə düşən Aynagül Nabatovanın ailəsində ikisi azyaşlı olmaqla, dörd nəfər yaşayır.