Astarada Vətən müharibəsi qazisi ilə görüş keçirilib
Astara, 11 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 10-da Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xüsusi karantin rejimi qaydalarına riayət edilməklə Vətən müharibəsinin qazisi Zəlimxan Rzazadə ilə yaşadığı Motlayataq kəndində görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş iştirakçıları qazi Zəlimxan Rzazadənin səhhəti və problemləri ilə maraqlanıblar.
Vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz, əsgər və zabitlərimiz düşməni qısa müddətdə məğlubiyyətə uğradaraq şanlı bayrağımızı işğaldan azad etdikləri bütün Azərbaycan torpaqlarında dalğalandırmağa nail oldular. Bununla da şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının, zaman-zaman soyqırımına məruz qalmış bütün soydaşlarımızın qisası alınıb.
Bildirilib ki, Vətən müharibəsində Böyük Qələbənin əldə edilməsində astaralı gənclərin də böyük əməyi olub. Astaralı döyüşçü kimi, Zəlimxan Rzazadənin döyüşlərdə yaralanandan sonra sağalaraq yenidən cəbhəyə qayıtması, ikinci dəfə daha ağır qəlpə yarası alması Vətən sevginin hər şeydən üstün olduğunu bir daha göstərdi.
Qazi Zəlimxan Rzazadənin valideynlərinə igid, vətənpərvər övlad böyütdüyü üçün minnətdarlığını bildirən rayon rəhbərliyi, qəhrəman döyüşçüyə rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Qeyd edək ki, Rzazadə Zəlimxan Mürsəl oğlu 1999-cu ildə Astara rayonunun Motlayataq kəndində anadan olub. O, Vətən müharibəsi başlanan ilk gündən könüllü olaraq döyüşlərdə iştirak edib.
Döyüş tapşırıqlarını bacarıqla yerinə yetirən Zəlimxan Rzazadə döyüşlərdə qorxmazlığı, cəsarəti ilə seçilib, Füzuli, Xocavənd və Qubadlı rayonlarının bir çox yaşayış məntəqələrinin düşməndən azad edilməsində yüksək peşəkarlıq göstərib. İgid döyüşçü oktyabrın 26-da Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanıb, müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb. O, noyabrın 7-də döyüşlərdə yenidən ağır yaralanaraq ordudan təxliyə edilərək, hərbi hospitalda müalicə olunub.
Vətən müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Zəlimxan Rzazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.