Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO
Kəlbəcər, 5 oktyabr, AZƏRTAC
Yaqut Əkbərovanın müəllimlik yolu 1986-cı ildə doğma Kəlbəcərdə başlayıb. Sinif otaqları, lövhə qarşısında keçən dərslər, böyüyüb həyata atılan şagirdlər... İllər keçdikcə bütün bunlar onun müəllim ömrünün ən əziz xatirələrinə çevrilib.
Kəlbəcərin işğalı ilə o, təkcə doğma yurddan deyil, illərini verdiyi məktəbdən, sinif otağından, yarımçıq qalan dərslərindən də ayrı düşüb. Məcburi köçkünlük illərində müəllimlik fəaliyyətini davam etdirən Yaqut Əkbərovanın doğma Kəlbəcərə qayıtmaq arzusu isə heç vaxt sönməyib. O, bir gün yenidən doğma torpaqda məktəb qapısından içəri girəcəyinə, lövhə qarşısında dayanacağına inanıb.
Yaqut Əkbərova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, işğaldan sonra bir müddət müəllimlik fəaliyyəti dayansa da, sonra Şamaxı rayonunun Günəşli kəndində yenidən dərs deməyə başlayıb: “İşğal zamanı məktəbdən ayrılmaq mənim üçün çox çətin idi. Bir müddət fəaliyyətimiz dayandı və yenidən Şamaxı rayonunun Günəşli kəndində fəaliyyətə başladım. Orada bizim üçün çox çətin oldu. Parta tapmaqda çətinlik çəkirdik, özümüz sinif otağında partalar düzəltdik. Çox inanırdıq ki, nə vaxtsa biz Kəlbəcərə qayıdacağıq, bir vaxt ağlaya-ağlaya tərk etdiyimiz Kəlbəcərə gülə-gülə qayıdacağımızı çox böyük səbirsizliklə gözləyirdik və inanırdıq ki, biz qayıdacağıq”.
Bu gün Yaqut Əkbərova doğma Kəlbəcərdə, Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə yenidən riyaziyyat müəllimi kimi şagirdlərin qarşısındadır. İllər əvvəl yarımçıq qalan dərsləri bu dəfə yeni sinifdə, yeni şagirdlərlə davam edir. Lövhəyə yeni misallar yazılır, sinif otağında yeni səslər eşidilir. Dəyişməyən isə Yaqut müəllimin peşəsinə sevgisi və doğma Kəlbəcərə bağlılığıdır.
“Bu gün mən özümü azad quş kimi hiss edirəm. Kəlbəcərimizdə, doğma yurdumuzdayıq və çox böyük qürur hissi keçirirəm. Sevinirəm ki, böyüyüb boya-başa çatdığım Kəlbəcərdə oxuyub təhsil aldığım 1 nömrəli məktəbdə müəllim kimi fəaliyyətə başlamışam. Bu gün doğma torpağımızda böyüyən uşaqlara dərs demək mənim üçün böyük qürur və məsuliyyətdir. Onların hər biri Kəlbəcərin sabahı, bu torpağın gələcəyidir”, - deyə Yaqut müəllim bildirib.
Müxbir - Tahir Ağaməmmədov