Astronavtlar ATU-nun tələbələri ilə görüşüblər
Bakı, 5 oktyabr, AZƏRTAC
74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edən astronavtlar Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri ilə görüşüblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələr astronavtları telefonlarının işıqlarını yandırıb ulduzlu fəza görüntüsü yaratmaqla qarşılayıblar. Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov Azərbaycanın son illərdə çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib: “Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi kosmik sənayeyə verdiyimiz önəmin nəticəsidir. Hələ 50 il əvvəl, 1973-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi böyük tarixi hadisə idi. Hazırda ölkəmizdə keçirilən 74-cü konqresin “Heydər Əliyev İli”nə təsadüf etməsi isə xüsusilə əlamətdardır. Tədbirdə 30 müxtəlif ölkədən 1500-dən çox iştirakçının toplanması Azərbaycan Respublikasının inkişafının və dünya arenasında qabaqcıl yerinin bariz göstəricisidir”.
Z.Musabəyov konqres çərçivəsində Bakıya gəlmiş dünyanın tanınmış astronavtları Anthony Antonelli, Alper Gezeravci, Yulie Payette və Anna Kikinanın universitetin qonağı olmalarından məmnunluğunu dilə gətirib.
“Azərkosmos”un təhsil və tanıtım üzrə meneceri İmran Muxtarov 50 ildən sonra Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda keçirilməsinin sevindirici hal olduğunu vurğulayıb: “3 min 670 elmi məqalə dünyanın 89 ölkəsində təqdim edilib. O cümlədən 14 universitetin təmsilçiliyi ilə tələbələr tərəfindən təqdim olunan 214 elmi məqaləyə görə Azərbaycan dünyada ilk beşlikdə yer alıb. ABŞ, İtaliya, Hindistan və Çindən sonra Azərbaycanın yeri tutması çox böyük nailiyyətdir. Böyük bir konqresin bir parçası olan beynəlxalq astronavtlar proqramı da çox önəmlidir. Konqres çərçivəsində keçirilən bu görüşlər 5 universitetdə, 4 məktəbdə və digər inklüziv, eləcə də idman, sosial uşaq və gənclər mərkəzlərində olmaqla toplam 12 görüşdən ibarətdir. Paralimpiyaçılarımız, eyni zamanda, inklüziv uşaqlarımız, məktəblilərimiz, tələbələrimiz, professor-müəllim heyəti üçün nəzərdə tutulan bu proqrama 3000-ə yaxın şəxs qatılıb. Azərbaycanın Kosmik Agentliyi uzun illərdir ki, tələbələrlə, gənc alimlərlə və bu sahənin mütəxəssisi olan insanlarla aktiv fəaliyyət aparır. İndi əsas məqsədlərimizdən biri təkcə peyklərin operatorluğunu həyata keçirmək deyil, ölkədə kosmik ekosistemin inkişafına, tələbələrimizin, gənc alimlərimizin, eləcə də digər kateqoriyadan olan cəmiyyət mənsublarının kosmos elmi haqqında maarifləndirilməsinə dəstək göstərməkdir”.
Daha sonra qarşılaşdıqları çətinliklərdən və uçuş təcrübələrindən söhbət açan astronavtlar tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Xatırladaq ki, Azərbaycanın Kosmik Agentliyinin (“Azərkosmos”) və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.