ATƏT-İN NÜMAYƏNDƏSİ AZƏRBAYCANIN HƏRTƏRƏFLİ İNKİŞAFINI YÜKSƏK QİYMƏTLƏNDİRİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 1-də Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lennmarkerlə görüşmüşdür.
Bahar Muradova Milli Məclisin bütün beynəlxalq təşkilatlar, eləcə də ATƏT və onun qurumları ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirmişdir. Ölkəmizin Avropaya inteqrasiyası, demokratik vətəndaş cəmiyyətinin qurulması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində göstərilən səylər və digər məsələlər barədə ətraflı məlumat verən Milli Məclis sədrinin müavini ikitərəfli əlaqələrin inkişafında bu cür səfərlərin əhəmiyyətini vurğulamışdır.
Ətraflı məlumata görə minnətdarlığını bildirən Qoran Lennmarker, səfərinin məqsədindən danışmış, Azərbaycanın dinamik inkişafını yüksək qiymətləndirmişdir.
Görüşdə Cənubi Qafqazda baş verən proseslər və digər məsələlər barədə fikir mübadiləsi edilmişdir.
X X X
Həmin gün Qoran Lennmarker Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri ilə də görüşmüşdür.
Bu görüşdə parlamentlərarası əlaqələrin inkişafı, Milli Məclis deputatlarının beynəlxalq təşkilatlarda təmsilçiliyi və digər məsələlər ətrafında söhbət getmişdir.