ATƏT-İN PARLAMENT ASSAMBLEYASI NÜMAYƏNDƏ HEYƏTİNİN AZƏRBAYCANA SƏFƏRİ
ATƏT-in Parlament Assambleyasının Avropanın 11 ölkəsinin təmsilçilərindən ibarət nümayəndə heyəti noyabrın 6-da gecə ölkəmizə səfərə gəlmişdir. Binə beynəlxalq hava limanında nümayəndə heyətini ATƏT-in Bakı ofisinin sədri Piter Burhard, Milli Məclisin ATƏT-lə əlaqələr komissiyasının üzvləri qarşılamışlar.
Noyabrın 7-də nümayəndə heyətinin üzvləri ATƏT-in Bakı ofisinin əməkdaşları ilə görüşmüşlər. Görüşdə ofisin fəaliyyəti və onun əməkdaşlarının Azərbaycanın ictimai-siyasi həyatında iştirakı barədə ətraflı məlumat verilmişdir.
X X X
Həmin gün Milli Məclisin sədri Murtuz Ələsgərov ATƏT-in Parlament Assambleyasının nümayəndə heyətinin üzvlərini qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, ATƏT-in belə mötəbər nümayəndə heyətinin səfəri ölkəmizlə bu təşkilat arasında münasibətlərin inkişafına kömək edir. Parlamentin sədri səfərin əsas məqsədinin ATƏT-in Bakı ofisinin fəaliyyəti ilə tanışlıq olduğunu vurğulayaraq, ölkəmizdə demokratiyanın inkişafında və vətəndaş cəmiyyəti quruculuğunda ofisin rolunu yüksək qiymətləndirdi. Bildirildi ki, Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi ilə bağlı referendum ərəfəsində ATƏT-in Bakı ofisinin rəhbəri Piter Burhardın təşəbbüsü ilə “dəyirmi masalar” təşkil edilmişdir. Ölkəmiz ATƏT-in insan hüquqları komissiyası və Parlament Assambleyası ilə sıx əlaqələr saxlayır. Murtuz Ələsgərov əmin olduğunu bildirdi ki, Avropa parlamentlərinin üzvləri ilə Milli Məclis deputatlarının görüşləri əlaqələrimizin möhkəmlənməsinə və ölkəmizin Avropa ailəsinə inteqrasiyasına xidmət edəcəkdir.
Sonra Milli Məclisin sədri Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar, onların qanunvericilik bazasının yaradılmasında Azərbaycan parlamentinin rolu barədə qonaqlara ətraflı məlumat verdi. Bildirildi ki, parlament indiyədək mindən artıq qanunvericilik aktı qəbul etmiş, Avropa konvensiyalarını ratifikasiya etmişdir. Bu gün ölkəmiz Avropa Birliyinə və Avroatlantika Alyansına uğurla qoşulur. Azərbaycan Avropa Şurasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. NATO-nun və Avropa Şurasının parlament assambleyaları ilə tərəfdaşlıq protokolları imzalanmışdır. Bütün bu tədbirlər nəticəsində ölkəmizin beynəlxalq nüfuzu xeyli artmışdır. Avropa Şurası qarşısında götürülmüş öhdəliklər də uğurla yerinə yetirilir.
Milli Məclisin sədri təəssüflə bildirdi ki, siyasi və iqtisadi islahatların həyata keçirilməsi yolunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi maneə var. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin təxminən 20 faizi işğal olunmuş, bir milyondan çox həmvətənimiz qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinin sözsüz azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə indiyədək məhəl qoymur. On il əvvəl yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti də heç bir nəticə verməmişdir. Parlamentin sədri dedi ki, dünya birliyi beynəlxalq terrorizmə qarşı fəal mübarizə apardığı bir dövrdə erməni terrorçu təşkilatları işğal olunmuş Azərbaycan ərazilərində narkotik maddələr yetişdirir və bundan əldə etdikləri vəsaiti terrorun dəstəklənməsinə yönəldirlər. Odur ki, beynəlxalq təşkilatlar erməni terrorçu təşkilatları ilə mübarizə aparmalı və onları beynəlxalq terrorçu təşkilatların siyahısına daxil etməlidirlər.
Murtuz Ələsgərov qonaqlara erməni terrorundan və Azərbaycan xalqının müsibətlərindən bəhs edən kitab təqdim etdi.
Nümayəndə heyətinin rəhbəri xanım Elini Teokarus-Kariolu səmimi qəbula görə təşşəkürünü bildirərək dedi ki, ATƏT-in Parlament Assambleyası nümayəndə heyətinin üzvləri təşkilatın müxtəlif ölkələrdəki ofislərinin fəaliyyəti ilə tanış olurlar. O Bakı ofisinin fəaliyyətini yüksək qiymətləndirərək vurğuladı ki, Azərbaycanın ictimai-siyasi həyatında onun fəal iştirakı dəqqətəlayiqdir. Qonaq bildirdi ki, səfərin yekunlarına əsasən, onlar ATƏT-in yerli ofisinin fəaliyyəti haqqında hesabat hazırlayacaqlar.
Qəbulda qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı.
X X X
ATƏT-in Parlament Assambleyası nümayəndə heyətinin üzvləri sonra Milli Məclisin deputatları ilə də görüşdülər.
Səmimilik və dostluq şəraitində keçən görüşdə Avropa parlamentlərinin üzvləri ilə Milli Məclisin deputatları arasında qarşılıqlı münasibətlərin və əməkdaşlığın vəziyyəti nəzərdən keçirildi. İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov ölkəmizdə həyata keçirilən demokratik dəyişikliklər və iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Azərbaycan parlamentinin ATƏT-lə əlaqələr komissiyasının üzvləri ATƏT-in Parlament Assambleyasının üzvləri ilə əməkdaşlığın vəziyyətindən və perspektivlərindən dnışdılar.
Elini Teokarus-Kariolu Avropa parlamentlərinin və Milli Məclisin nümayəndələri arasında əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğuladı. O, Milli Məclis ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın perspektivlərinə toxunaraq, ölkəmizin qanunvericilik orqanı nümayəndələrindən əməkdaşlığın inkişafına dair konkret təkliflərini bildirməyi xahiş etdi.