ATƏT PARLAMENT ASSAMBLEYASININ 17-Cİ YAY SESSİYASINDA ERMƏNİSTANIN TƏCAVÜZKAR SİYASƏTİ PİSLƏNİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ATƏT Parlament Assambleyasının (PA) Astanadan keçirilən 17-ci yay sessiyasının işində Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.
İqtisadi məsələlər, elm, texnologiyalar və ətraf mühitin mühafizəsi Ümumi Komitəsinin iclasında deputat Roland Blyumun “Ətraf mühitin mühafizəsi və təhlükəsizlik” mövzusunda məruzəsinin müzakirəsi zamanı ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov demişdir: “Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edəndən sonra ətraf mühitdə ciddi dəyişikliklər müşahidə olunur. Ermənistanın işğalçı siyasətinin davam etməsi həmin ərazini ekoloji fəlakət və ərtaf mühitin çirklənməsi mənbəyinə çevirmişdir.
Ərazilərimizin işğal altında olduğu illərdə 15 min hektardan çox nadir meşə, 28 flora və fauna növü məhv edilmiş, 65 min hektar torpaq sahəsi, yaşayış məntəqələri, qəbiristanlıq və tarixi abidələr yandırılmışdır. Təəssüflər olsun ki, erməni tərəfi beynəlxalq təşkilatların tələblərinə məhəl qoymur və bu vəhşilik bu gün də davam etdirilir”.
Eldar İbrahimov demişdir ki, ermənilər işğal zonalarında torpağı, suyu və havanı zəhərli tullantılarla çirkləndirir və bununla da ətraf mühitə böyük ziyan vururlar. Bunun da nəticəsində hazırda Azərbaycanın Ağstafaçay, Araz və digər çaylarında insan orqanizmi üçün təhlükəli olan maddələrin miqdarı normadan 9-13 dəfə artıqdır.
Deputat qeyd etmişdir ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən Metsamor atom elektrik stansiyasının tullantılarını saxlamaq və narkotik maddələr istehsal etmək üçün istifadə edir.
Eldar İbrahimov çıxışının sonunda demişdir: “İctimaiyyət üçün əhəmiyyətli olan bu məsələdə praktiki nəticələr əldə etmək üçün Ümumi Komitənin iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində ətraf mühitə vurulmuş ziyan haqqında” məsələsinin müzakirə olunmasını zəruri hesab edirik. Eyni zamanda belə hesab edirik ki, ATƏT NATO ilə birgə Azərbaycanın işğal edilmiş ərazilərində torpağın və suyun tərkibində zəhərli və radioaktiv maddələrin miqdarını öyrənmək üçün monitorinq aparmalıdır”.
Sessiya öz işini davam etdirir.