AUDİOVİZUAL FESTİVALIN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Professional Kinorejissorlar Gildiyasının təşəbbüsü, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, Avropa Kinorejissorlar Federasiyasının dəstəyi ilə keçirilən festivalı Gildiyanın prezidenti, xalq artisti rejissor Eldar Quliyev açaraq demişdir ki, festivalın 6-cı dəfə keçirilməsi bu sahədə müəyyən təcrubədən xəbər verir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında Azərbaycan mədəniyyətinin və incəsənətinin gələcəyindən inamla danışmışdır. Onun sözlərinə görə, gələcəyə əsil yeni sənətlə getmək lazımdır. Hazırkı festival bu funksiyanı yerinə yetirir.
Müsabiqədə qaliblər 9 nominasiya - “Ən yaxşı audiovizual iş”, “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı klip”, “Ən yaxşı video-art”, “Ən yaxşı reklam”, “Ən yaxşı kompyuter qrafikası”, “Ən yaxşı tələbə işi” nominasiyaları üzrə müəyyənləşdiriləcəkdir. Həmçinin “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari müəllifi”, “Ən yaxşı operator”, “Ən yaxşı prodüser”, “Ən yaxşı qrafik dizayner” nominasiyaları üzrə peşəkar mükafatlar da veriləcəkdir.
Builki festival çərçivəsində “Həvəskar kino” müstəqil proqramının yaradılması da nəzərdə tutulub. Bu təşəbbüs onunla aktualdır ki, son zamanlar müasir texniki imkanlar kino üzrə ixtisaslaşmamış həvəskarlara belə öz audiovizual işlərini çəkmək şansı verir. Həvəskar proqramlarda iştirak etmək üçün təkcə Bakıdan yox, Azərbaycanın başqa bölgələrindən də müraciətlər olunmuşdur.
Festivalda həvəskarlar üçün xüsusi ustad dərsləri də keçiləcəkdir. Onlar üç - “Ən yaxşı həvəskar filminə görə”, “Ən yaxşı ideya”, “Ən yaxşı təsvir” nominasiyaları üzrə mükafatlandırılacaqlar.
Qalibləri Azərbaycanın xalq artisti, kinoaktrisa Şəfiqə Məmmədova (sədr), kinorejissor, Ukraynanın xalq aristi Aleksandr Koval, Estoniyadan rejissor Pit Peters, İsveçrədən kinorejissor Jann Bertru, İrandan kinoaktyor Cahangir Almazi, Azərbaycanın əməkdar incəsənət xadimi, rəssam Arif Məhərrəmov, Gürcüstandan prodüser Nino Maqlakelidzedən ibarət nüfuzlu münsiflər heyəti müəyyənləşdirəcəkdir.
Festivala noyabrın 4-də yekun vurulacaqdır.