DÜNYA
“Autsayder” Xavyer Miley Argentinanın növbəti prezidenti ola bilər
![](/files/galleryphoto/2023/3/1200x630/16978743955189722683_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/169787439521003674_1200x630.jpg)
Stokholm, 20 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Prezidentliyə namizəd, ziddiyyətli baxışlara malik təcrübəsiz siyasətçi, yaxın vaxtlara qədər autsayder hesab olunan Xavyer Miley qısa müddət ərzində Argentinada ən populyar siyasi fiqura çevrilib. O, avqustda keçirilmiş ilkin seçkilərdə 30 faiz səs toplayıb, bu da istənilən digər namizədə verilən səslərdən çoxdur.
AZƏRTAC xəbər verir ki, prezident seçkilərinin bazar günü keçiriləcək birinci turunda Xavyer Mileyin ən çox səs toplayacağı ehtimal olunur.
İxtisas üzrə iqtisadçı, anarxo-kapitalist Xavyer Miley Argentina əhalisinin üçdəbirindən çoxunun yaşadığı yoxsulluq problemini həll etmək üçün vətəndaşların beynəlxalq bazarda öz orqanlarını satmasını qanuniləşdirmək niyyətindədir. O, mərkəzi bankı bağlayaraq ölkədə valyuta kimi ABŞ dollarını tətbiq etməklə ölkədə xroniki inflyasiyanı aradan qaldırmaq istəyir.
Xavyer Miley dövlət xərclərini azaltmaq niyyətində olduğunu göstərmək üçün seçkiqabağı mitinqlərə əlində mişarla gəlib.
Prezidentliyə namizəd iqlim böhranı probleminə skeptik yanaşır və hesab edir ki, qlobal istiləşmə insan fəaliyyəti ilə deyil, özünün təbii dövrü ilə əlaqəlidir. “İqlim böhranı sosialist yalanıdır”, - deyə Xavyer Miley bildirir.
Argentinanın indiki prezidenti, solçu siyasətçi Alberto Fernandes 1950-ci illərdən bəri ölkənin əsas siyasi qüvvəsi olan Peronist partiyasına mənsubdur. Fernandes son on iki il ərzində durğunluqda olan iqtisadi artımı stimullaşdırmağa nail olmayıb. Əksinə, inflyasiya Argentina dövlətinin müflisləşdiyi 2001-ci il böhranından bəri ən yüksək həddə çatıb. Argentinada inflyasiya səviyyəsi 138 faiz təşkil edir ki, bu da dünyada ikinci ən yüksək göstəricidir.