AVARÇƏKMƏ ÜZRƏ I BEYNƏLXALQ MİNGƏÇEVİR REQATASI KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, noyabrın 3-də idmanın avarçəkmə növü üzrə I Beynəlxalq Mingəçevir reqatasına
start verilmişdir.
İkinci Mingəçevir avarçəkmə bazasında keçirilən yarışın açılış mərasimində çıxış edən Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov, Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramiz Əliyev son illər ölkəmizdə idman hərəkatının geniş vüsət almasından, dövlətimizin rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi qayğıdan, respublikamızın beynəlxalq yarışlara ev sahibliyi etməsindən, idmançılarımızın beynəlxalq miqyaslı yarışlardan Vətənə medallarla dönməsindən söz açmışlar.
Bildirilmişdir ki, Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən avarçəkmənin inkişafı üçün əməli tədbirlər görülür, təlim-məşq toplanışlarının, yarışların keçirilməsi üçün maddi-texniki baza yaradılır. Mingəçevirdəki “Kür” Olimpiya Tədris İdman Mərkəzi yenidən qurulur və gələn il avarçəkənlərin ixtiyarına veriləcəkdir.
Məlumat verilmişdir ki, bir ildir fəaliyyət göstərən Azərbaycan Milli Avarçəkmə Federasiyası Bakı və Mingəçevir şəhərində kanoe, baydarka və akademik avarçəkmə üzrə idmançıların hazırlanması üçün 15-19 yaşlı gənclərdən ibarət komandalar yaratmışlar. Gənclər tez-tez xarici ölkələrdə keçirilən beynəlxalq yarışlarda iştirak etməklə öz qüvvələrini sınayırlar. I Beynəlxalq Mingəçevir reqatasının keçirilməsindən əsas məqsəd burada iştirak edən yerli idmançıların arasından ən bacarıqlılarını seçərək yığma komandanın heyətini müəyyənləşdirmək və beynəlxalq miqyaslı yarışlarda ölkəmizi təmsil etməyə hazırlaşdırmaqdır.
Turnirdə Bakı, Mingəçevir komandaları ilə yanaşı, Gürcüstanın Msxeti və Kutaisi şəhərlərinin avarçəkənləri də iştirak edirlər. İki gün davam edəcək yarışda 70-ə yaxın idmançı baydarka, kanoe və akademik avarçəkmə üzrə 500, 1000, 2000 və 4000 metr məsafələri qət etmək uğrunda yarışırlar.
Xatırladaq ki, bu turnirdə qonaq qismində iştirak edən Rusiya Avarçəkmə Federasiyasının baş katibi İrina Lirayeva Mingəçevirdə avarçəkmə idman növü üzrə mövcud maddi-texniki baza ilə tanış olacaqdır.
Dekabrda Rusiya yığma komandası Mingəçevirdə təlim-məşq toplanışı keçirmək niyyətindədir.