AVQUST AZƏRBAYCAN ŞAHMATÇILARI ÜÇÜN UĞURLU OLMUŞDUR
Belə ki, Türkiyədə 16 yaşadək yeniyetmələr arasında keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan idmançıları 24 ölkə arasında komanda hesabında beşinci yeri tutmuşlar.
Almaniyanın Maynts şəhərində sürətli şahmat üzrə dünya çempionatında iştirak edən Teymur Rəcəbov hindistanlı Vişvanatan Anandla 8 görüş keçirmişdir. Teymur Rəcəbov əvvəlcə üstünlüyü ələ alsa da, sonra 3:5 hesabı ilə uduzmuşdur. Rəqib isə növbəti dəfə dünya çempionu adını qazanmışdır. Həmin şəhərdə sürətli şahmat üzrə keçirilən beynəlxalq turnirdə isə Şəhriyar Məmmədyarov uğurlu çıxış edərək 2-ci yeri tutmuşdur.
Abu-Dabidə keçirilən beynəlxalq şahmat festivalında qrossmeysterlərin yarışında Vüqar Həşimov erməni idmançısı Anastasiyanı geridə qoyaraq birinci yeri tutmuşdur. Festivalın açıq turnirində Erkin Qurbanzadə keçirdiyi 9 oyundan 7,5 xal toplayaraq 152 şahmatçı arasında 1-ci olmuşdur.
12 yaşadək uşaqların turnirində isə Ülvi Bacarani 7 oyundan 6,5 xal toplayaraq yarışın qalibi olmuşdur.
İspaniyanın Aviles və Xixon şəhərlərində 20 yaşadək gənclər arasında keçirilən beynəlxalq turnirlərdə Nurlan Şabanov, Orxan Talışzadə və Bəhruz Rzayev öz yaş qruplarında birinci, Nərmin Kazımova və Təbriz İdrisov ikinci yeri tutmuşlar. Rusiyanın Vladimir vilayətində keçirilən beynəlxalq turnirdə Türkan Həsənova, Təhminə İsfəndiyarlı, Araz Hacıyev, Elçin Qafarlı da öz yaş qruplarının qalibi olmuşlar.