MƏDƏNİYYƏT
AVROPA ALIMLƏRI AZƏRBAYCANIN QƏDIM TARIXINƏ MARAQ GÖSTƏRIRLƏR
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, professor Əsədulla Cəfərov İNTAS təşkilatının, Fransa Milli Təbiət Tarixi Muzeyinin və İnsan Paleantologiya İnstitutunun dəvəti ilə bir ay Fransada elmi ezamiyyətdə olmuşdur. O, iyulun 3-dən avqustun 1-dək Paris, Totavil və Perpinyan şəhərlərinin elmi laboratoriya və mərkəzlərində tədqiqat işləri aparmış, müəllifi olduğu “Azərbaycanın orta paleoliti” monoqrafiyasını və tarix elmləri doktoru Tofiq Məmmədovun “Qafqaz Albaniyası” kitabını Fransa Milli Təbiət Tarixi Muzeyinin kitabxanasına təqdim etmişdir.
İyulun 3-4-də Fransanın Totavil şəhərində Avropa arxeoloji tədqiqatlar mərkəzində Fransa, İtaliya, İspaniya, Çin, Koreya, Mərakeş, Rusiya, Gürcüstan və digər ölkələrin arxeoloqlarının elmi məclisində Ə. Cəfərovun “Azərbaycanın Azıx, Taglar, Qazma Paleolit düşərgələri və onların Yaxın Şərq və Qafqazda yeri” mövzusundakı məruzəsi xüsusi maraq boğurmuş və yüksək qiymətləndirilmişdir.
İNTAS təşkilatı “Qafqaz Mustye mədəniyyətləri” mövzusunun tədqiq olunmasında həmyerlimizi Azərbaycan üzrə əlaqələndirici seçmişdir.
Professor Ə. Cəfərov Fransada ezamiyyətdə olduğu müddətdə elmi məclislərdə xalqımızın tarixinə dair mühazirələr oxumuş, Qarabağın ən qədim tarixini geniş şərh etmiş, onun həqiqi tarixini saxtalaşdırmağa çalışanların əsassız olduqlarını elmi faktlarla avropalı həmkarlarının nəzərinə çatdırmışdır.
İyulun 10-da kecirilmiş iclasda “Qafqazın mustye mədəniyyəti”nin tədqiq olunması ücün İNTAS-ın tərtib etdiyi proqram layihəsi müzakirə edilmişdur. Proqramda Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan və Azərbaycan alimləri tərəfindən son 50 ildə bu ölkələrin ərazilərində aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin 3 il müddətində birgə tədqiq olunması, çoxtəbəqəli paleolit düşərgələrindən əldə edilmiş tapıntıların Avropanın müasir avandanlıqla təchiz olunmuş elmi laboratoriyalarında araşdırılması, Mustye mədəniyyətinin xüsusiyyətlərinin müəyyən edilməsi və neandertal tipli insanın kamil insana çevrilməsi prosesinin öyrənilməsi öz əksini tapmışdır. Bu dövrdə görüləcək bütün işlər İNTAS tərəfindən maliyyələşdiriləcəkdir. İNTAS proqramına əsasən, Fransa Milli Təbiət Tarixi Muzeyinin və İnsan Paleontologiya İnstutunun direktoru professor Anri de Lümeyin rəhbərliyi altında bir qrup alimin bu ilin noyabr ayında Azərbaycana gələrək, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeoloqiya və Etnoqrafiya İnstitutunda Mustye mədəniyyətinə aid arxeoloji tapıntılarla tanış olması planlaşdırılmışdır. 2002-ci ilin payızında isə Ə. Cəfərovun rəhbərliyi altında avropalı alimlərin bir qrupunun Qazma düşərgəsində aparılacaq tədqiqat işlərində iştirakı nəzərdə tutulmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris