SİYASƏT
Avropa Azərbaycana ehtiyac duyur və enerji təminatında dövlətimizlə hesablaşır
Bakı, 21 yanvar, AZƏRTAC
Çexiya və Kanada parlamentlərindən sonra Avropa Parlamentinin yanvarın 18-də Azərbaycan əleyhinə qətnamə qəbul etməsi, təəssüf hissi ilə yanaşı, bir sıra həqiqətləri ortaya qoyur. Bu həqiqətlər həm də fundamental xarakter daşıyır. Biz bilirik ki, Asiyanın, Şimali Afrikanın müsəlman ölkələrinin hərbi yolla təcavüzə uğraması, müstəmləkə halına salınması, istismarı, insanların kütləvi halda soyqırımına məruz qalması yüz illərlə davam edib. İndi vəziyyət elə yerə çatıb ki, yenə 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı gözə görünmür. Guya Azərbaycan Ermənistanın torpaqlarını işğal edib. Avropa Parlamenti işğalçı Ermənistanı müdafiə edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli söyləyib.
"Əlbəttə, türk xalqları, o cümlədən Azərbaycan heç bir zaman düşmənə baş əyməyib, daim mübarizə aparıblar. Avropa Parlamentinin sənədi də bizim üçün kağız parçasından başqa bir şey deyil. “Madrid” prinsipləri belə qiymətli idisə, nə üçün lazım olan anda icra etmirdilər? Hesab edirəm ki, hazırda bu mövzuda çox ciddi məsələlər baş verməkdədir", - deyə deputat qeyd edib.
O diqqətə çatdırıb ki, Avropa Azərbaycana ehtiyac duyur və enerji təminatında dövlətimizlə hesablaşır. Hətta Azərbaycanın yüksək nüfuzuna rəğbət bəsləyirlər. Prezident İlham Əliyev Davos İqtisadi Forumunda dünyanın nüfuzlu şirkətlərinin nümayəndələri ilə görüşlər keçirdi. Azərbaycana olan maraq dövlətimizin başçısına münasibətdən də aydın hiss edilir. Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi bu ölkənin Azərbaycana və onun rəhbərinə qoyduğu hörmətin növbəti təzahürüdür.
"Azərbaycan dövləti gündən-günə möhkəmlənir və nüfuzunu artırır. Biz öz yolumuzla davam edəcəyik, dövlət suverenliyimizi həmişə qoruyacağıq. Prezident İlham Əliyev Davos İqtisadi Forumunda Laçın dəhlizində baş verən hadisələri bütün dünyaya bildirdi, həqiqətləri hər kəsin diqqətinə çatdırdı. Azərbaycan dövləti yerindədir, hər zaman yerində olacaq və biz qalib gələcəyik", - deyə Tahir Kərimli qeyd edib.