Avropa İttifaqının Azərbaycanda reallaşdırdığı layihələri nümayiş etdirən yeni vebsayt istifadəyə verilib
Bakı, 18 fevral, Səlim Rəhimzadə, AZƏRTAC
Avropa İttifaqının Azərbaycanda reallaşdırdığı layihələri nümayiş etdirən yeni veb-sayt (eu4azerbaijan.eu) istifadəyə verilib və Aİ tərəfindən mətbuat müsabiqəsi elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilən onlayn tədbirdə məlumat verilib.
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan energetika sahəsində Aİ ilə əməkdaşlıq edir və bu işlərin irəli aparılması istiqamətində səylərimiz davam edir. Kestutis Yankauskas, eyni zamanda, təhsil, kənd təsərrüfatı, qida təhlükəsizliyi, kiçik sahibkarlığın inkişafı, enerji ehtiyatlarından səmərəli istifadə sahələrində reallaşdırılan layihələrdən də bəhs edib.
Yeni istifadəyə verilən veb-sayt barədə məlumat verən səfir bu platforma vasitəsilə həyata keçirilən layihələr barədə ətraflı məlumat əldə etmək imkanının olacağını vurğulayıb, bu resursun tərəfdaşlıq dünyasına yol açdığını bildirərək deyib: “Bu saytda insanlara kömək məqsədilə həyata keçirilmiş və icra olunmaqda olan bir çox layihələr şəkillərlə, rəqəm və sözlərlə təqdim edilib”.
Bildirilib ki, veb-saytda Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda icra edilən layihələr, tədbirlərlə bağlı interaktiv xəritə vasitəsilə məlumat almaq mümkün olacaq. Veb-saytda məlumatlar müntəzəm olaraq Azərbaycan və ingilis dillərində təqdim ediləcək.
Avropa İttifaqı, eyni zamanda, Azərbaycanın çap, teleradio və onlayn media nümayəndələri üçün Aİ-Azərbaycan əməkdaşlığına dair “Avropa İttifaqı Azərbaycan üçün” ("EU4Azerbaijan") adlı müsabiqə elan olunub. Müsabiqənin əsas məqsədi Aİ ilə Azərbaycan arasındakı münasibətlər, o cümlədən həyata keçirilən layihələr barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Sonda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri media nümayəndələrinin suallarını cavablandırıb.