SİYASƏT
AVROPA İTTİFAQININ AZƏRBAYCANDAKI SƏFİRİ “ŞƏRQ TƏRƏFDAŞLIĞI” TƏŞƏBBÜSÜNÜN PRİORİTETLƏRİNİ AÇIQLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 26-da “İnam” Plüralizm Mərkəzi və Avrointeqrasiya Milli İctimai Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan və Avropa İttifaqı: inteqrasiya üçün səmərəli əməkdaşlıq mexanizmləri” adlı “dəyirmi masa” keçirilmişdir.
Avropa İttifaqının Azərbaycandakı səfiri Alan Vaddams “Avropa Qonşuluq Siyasəti çərçivəsində “Şərq tərəfdaşlığı” nə vəd edir” mövzusunda məruzə ilə çıxış etmişdir. O, “Şərq tərəfdaşlığı” ideyası üzərində işin davam etdiyini, gələn həftə bu barədə sənədin Avropa Komissiyasının Nazirlər Şurasına təqdim olunacağını bildirmişdir.
Diplomat “Şərq tərəfdaşlığı”nın beş ölkəni - Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və Ermənistanı əhatə edəcəyini, Belarusun da bu təşəbbüsə qatılması barədə təkliflərini nəzərdən keçirildiyini demişdir.
“Şərq tərəfdaşlığı”nın həmin ölkələrə Aİ üzvlüyü vəd etmədiyini vurğulayan A.Vaddams qeyd etmişdir ki, yaxın 20 ildə Ukrayna və Gürcüstanın bu quruma qəbulu mümkündür və bu ölkələr bir neçə dəfə belə bir xahişlə müraciət etmişlər.
“Şərq tərəfdaşlığı”nın prioritetlərindən danışan A.Vaddams Aİ ölkələrinə viza alınması prosesinin sürətlənəcəyini, bu məqsədlə Bakı kimi böyük şəhərlərdə ümumi mərkəzlərin yaradılmasının nəzərdə tutulduğunu açıqlamışdır. Təşəbbüsün prioritetləri arasında azad ticarət məkanının yaradılması, böhranların idarə olunması, birgə təlimlərin keçirilməsi, miqrasiya siyasəti, ətraf mühitin qorunması, tələbə mübadiləsi, enerji və s. sahələrdə əməkdaşlıq da var.