Avropa İttifaqının portalında AZƏRTAC-ın xüsusi müxbirinin AXC haqqında məqaləsi dərc edilib
Berlin, 8 iyun, AZƏRTAC
Avropa İttifaqının Ideasoneurope.eu analitik portalında AZƏRTAC-ın xüsusi müxbirinin məqaləsi dərc olunub. Material 102 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından bəhs edilir (bax: https://bridge.ideasoneurope.eu/).
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlament demokratiyasıdır” sərlövhəli məqalənin müəllifi oxucuların diqqətini Azərbaycan xalqının öz dövlətçiliyini bərpa etmək arzusunu reallaşdırmasına və Rusiyada çarizmin süqutundan dərhal sonra Şərqi Zaqafqaziyada yaradılmış müstəqil Azərbaycan dövlətində parlament idarəçilik formasının seçilməsinə cəlb edir.
Materialda AXC hökumətinin əsas nailiyyətləri barədə məlumat verilir, AXC-nin Millətlər Liqası və dünyanın aparıcı dövlətləri tərəfindən tanınması vurğulanır. Oxucular məqalədə göstərilən linkə əsasən YouTube videoportalında AXC-nin tarixindən bəhs edən qısametrajlı filmə də baxa bilərlər.